Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qazaxıstanda keçirilən beynəlxalq konfransda çıxış edib
Nur-Sultan, 17 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Sülh və Həmrəylik sarayında “Muzey, muzeyşünaslıq və mədəni irs” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd arxeoloji obyektlərin qorunması, müvafiq sahədə problemlərin müzakirəsi, Avropa və Asiya ölkələrində mədəni irslə iş təcrübəsinin öyrənilməsidir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndəsi Nasir Quluzadə “Azərbaycanın arxeoloji irsinin qorunmasında milli tarixi muzeyin rolu” mövzusunda çıxış edib. Nasir Quluzadə Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən arxeoloji materialların qorunmasından və arxeoloji irsin öyrənilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolundan danışıb.
Çıxışlarda müasir dünyada arxeoloji irsin qorunmasının əhəmiyyəti vurğulanıb.
Konfrans sabah başa çatacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan