MİLLİ BANKIN SƏDRİ YENİ AZƏRBAYCAN PARTİYASINDA MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Ölkəmizdə iqtisadiyyatın dinamik sürətlə inkişaf etdiyini diqqətə çatdıran E.Rüstəmov dedi ki, Azərbaycanda makroiqtisadi və maliyyə-bank sistemində umumi sabitliyi qorumaq, manatın məzənnəsini möhkəmləndirmək üçün beynəlxalq aləmdə baş verən iqtisadi proseslər Milli Bank tərəfindən diqqətlə izlənilir, təhlil edilir və zəruri tədbirlər görülür.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan iqtisadi sistemi Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirən E.Rüstəmov demişdir ki, iqtisadi inkişafla bağlı proqnozlar özünü doğruldur, Azərbaycanın iqtisadiyyatında baş verən yüksəliş dövlət büdcəsinin gəlirlərinin çoxalmasına, əhalinin həyat tərzinin yaxşılaşmasına təsirini göstərir.
Milli Bankın üzərinə düşən əsas vəzifələrin öhdəsindən layiqincə gəldiyini xatırladan E.Rüstəmov dedi ki, 3 ay ərzində Azərbaycanda bank aktivləri 8 faiz, əmanətlərin həcmi 10 faiz, kreditlər 8 faiz, uzunmüddətli kreditlər isə 15 faiz çoxalmışdır. Hesabat dövründə inflyasiya 4,6 faiz olmuş, manatın möhkəmliyi 1,6 faiz artmışdır. Pul kütləsinin artımı 7 faiz olmuşdur ki, bu da inflyasiyanı ləngidən, çevik məzənnə siyasətinə kömək edən amillərdən əsasıdır.
İlin əvvəlindən bəri, bazardan 45 milyon ABŞ dolları valyuta alındığını bildirən natiq dedi ki, artıq Milli Bankın valyuta ehtiyatlarının həcmi 1 milyard 58 milyon dollara çatmışdır.
Manatın denominasiyası ilə əlaqədar həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyindən danışan idarə heyətinin sədri məlumat verdi ki, artıq dövriyyədəki pul kütləsinin 20 faizini AZN təşkil edir. Bank sistemi ilə əlaqəli fəaliyyət göstərən təşkilatların yeni manat, o cümlədən qəpik pullar əldə etməsində heç bir problem yoxdur. Yeni manatın tam şəkildə dövriyyəyə buraxılması prosesinin ilin sonunadək başa çatacağı gözlənilir. Prosesin ləngiməsinə təsir edə biləcək heç bir amil yoxdur.
Bütövlükdə ölkəmizdə makroiqtisadi sabitliyin qənaətbəxş olduğunu bildirən natiq, əminliklə bildirdi ki, Milli Bank ölkəmizdə çevik pul-kredit siyasəti yürütməklə maliyyə sistemini normal şəkildə tənzimləyir.
E.Rüstəmov sonda jurnalistləri maraqlandıran sualları cavablandırdı.