Milli Kitabxanada Qarabağla bağlı iki kitabın təqdimatı olub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Milli Kitabxanasında “Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün Zəfəri” və “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.
Azərbaycan xalqına Qələbə bəxş edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdim edilən kitablar haqqında məlumat verən Milli Kitabxananın direktoru Tahir Kərimov bildirib ki, “Şuşa-Azərbaycan mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır: “Bu kitab Milli Kitabxananın Zəfər Gününə hədiyyəsidir. Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablarda, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Şuşa bundan sonra da bizim aktual mövzumuz olacaq”.
Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün Zəfəri” kitabında yazıçıların Qarabağla bağlı düşüncələrinə, xatirələrinə yer verilib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazirliyin vətənpərvərlik mövzusunda kitabların nəşrinə start verdiyini deyib. O bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Qarabağla bağlı 30-dan çox kitab sərgilənib: “Bundan sonra da Qarabağla bağlı ard-arda kitablarımız işıq üzü görəcək. Bu yaxınlarda isə ard-arda iki böyük sərgidə - Moskva Beynəlxalq Kitab Sərgisi və Frankfurt Kitab Sərgisində iştirak etdik. Həmin sərgilərə Qarabağla bağlı kitablar aparmışdıq. Orada bu kitablarla çox maraqlandılar. Bu il Moskva Kitab Sərgisində ermənilərin stendində Qarabağla bağlı heç bir kitab yox idi. Frankfurt sərgisində isə Ermənistan bu il iştirak etməmişdi. Artıq özləri də bunu qəbul edir ki, onların mifləri darmadağın olub".
Milli Məclisin deputatı Aqil Abbas deyib: “Mənim üçün kitab müqəddəsdir. Qarabağ deyəndə mən orada doğulan şair və yazıçıları xatırlayıram. Qarabağ haqqında hələ bundan sonra da kitablar nəşr olunacaq. Ancaq ən gözəl əsəri Prezident İlham Əliyev yazdı”.
Bildirib ki, “Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün Zəfəri” kitabında bir məqaləsi yer alıb. O, kitabı hazırlayanlara təşəkkürünü bildirib. Bu kitabın fundamental olduğunu deyən A.Abbas qeyd edib ki, kitabın əsasında dissertasiyalar da yazıla bilər.
“Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün Zəfəri” kitabı haqqında məlumat verən Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli bu toplunu dövrün mənzərəsini əks etdirən poetik bir ensiklopediya adlandırıb: “Düşünürəm ki, kitab olduqca dəyərlidir, hətta orta məktəblərdə də tədris oluna bilər. Kitabxanalara gələn oxucular da bu yeni nəşrdən Qarabağla bağlı istədikləri məlumatı əldə edə bilərlər”.
Bildirib ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.