İQTİSADİYYAT
“Milli KSM Mükafatı 2018”in qalibləri mükafatlandırılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Ölkədə ilk dəfə təşkil olunan “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, ASK-nın prezidenti Məmməd Musayev bu mükafatın ilk dəfə təsis edildiyini və belə müsabiqələrin davamlı olaraq keçiriləcəyini deyib.
Daha sonra Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və digərləri çıxış edərək ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar. Qeyd olunub ki, sahibkarlar onlar üçün yaradılan əlverişli şəraitdən istifadə edərək sosial, ekoloji və digər sahələrdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə dəstək verməklə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, cəmiyyətin ümumi rifahının yaxşılaşmasına öz töhfələrini vermiş olurlar.
Bildirilib ki, layihənin məqsədi ölkədə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən KSM layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
KSM üzrə ümumrespublika müsabiqəsinə layihələrin qəbulu ötən il oktyabr 1-dən noyabrın 30-dək aparılıb. Həmin müddət ərzində təhsil, bank, səhiyyə, mobil operator və sığorta sahəsində fəaliyyət göstərən 30-dan çox şirkət son iki ildə həyata keçirdikləri layihələri müsabiqəyə təqdim edib. İqtisadiyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirmə edilib və qalib layihələr elan olunub.
Tədbirdə dövlət nümayəndələri, Milli Məclisin deputatları, sahibkarlar, PR və marketinq sahəsində çalışan mütəxəssislər iştirak edib.