“Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb YENİLƏNİB
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və “Proaktiv” şirkətinin birgə təşkil etdiyi “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunan müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində həyata keçirdiyi KSM layihələrini təqdim edib. Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən 17 məqsəd əsas götürülərək müvafiq komissiya tərəfindən qiymətləndirilib.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər çıxışçılar ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar.
Qeyd olunub ki, sahibkarlar onlar üçün yaradılan əlverişli şəraitdən istifadə edərək sosial, ekoloji və digər sahələrdə KSM layihələrinə dəstək verməklə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, cəmiyyətin ümumi rifahının yaxşılaşmasına öz töhfələrini vermiş olurlar.
Bildirilib ki, layihənin məqsədi ölkədə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən KSM layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
Müsabiqədə layihələr İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “ASAN xidmət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəsmiləri tərəfindən müvafiq meyarlar üzrə qimətləndirilib.
Tədbir çərçivəsində KSM Türkiyənin qurucusu, KSM Avropanın üzvü Serdar Dinler tərəfindən sahibkarlar üçün “Sosial təsdiq üçün trendlər” mövzusunda seminar təşkil edilib.
Sonda iştirakçılar ilk dəfə təşkil edilən sosial sərgi ilə tanış olublar.