MİLLİ MƏCLİS 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Müzakirələr zamanı deputatlar, gələn ilin dövlət büdcəsindəki artımlardan, ilin ən vacib maliyyə sənədinin tərtibindən razılıqla danışmış, ölkədə həyata keçirilən iqtisadi siyasətin nəticələrini yüksək qiymətləndirmişlər. Bununla yanaşı, irad və təkliflər də səslənmişdir.
Milli Məclisin üzvləri kənd rayonlarında yaşayan əhalinin elektrik enerjisi, su, qaz, telekommunikasiya, təhsil və səhiyyə sahələrindəki problemlərindən, kənd təsərrüfatının inkişafı üçün mikrokreditlərin azlığından və bu kreditlərin yerli rayon bankları tərəfindən verilməməsinin yaratdığı çətinliklərdən, dağ rayonlarının inkişafına, eləcə də, aztəminatlı ailələrə dövlət qayğısının və diqqətin artırılmasının zəruriliyindən danışmışlar. Deputatlar hökuməti bu sahələrə diqqəti artırmağa, dağ rayonlarına xüsusi qayğı ilə yanaşmağa çağırmış, həmçinin, diasporun gücləndirilməsi, ölkənin poçt sisteminin yenidən qurulması və inkişafı üçün ayrılan vəsaitlərin artırılmasını təklif etmişlər.
Milli Məclisin günün ikinci yarısında keçirilən iclasında 2006-cı ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilmişdir. İclasda gün ərzində 54 deputat çıxış edərək büdcə ilə bağlı rəy və təkliflərini bildirmişdir. Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə də gələn ilin büdcə layihəsi ilə əlaqədar öz mülahizələrini söyləmişdir.
İclasda çıxış edənlər bildirmişlər ki, büdcənin hazırlanması dövlətimizin daxili və xarici siyasətinin düzgünlüyünü, iqtisadi siyasətin uğurla həyata keçirildiyini sübut edir.
Deputatlar yekdilliklə qeyd etmişlər ki, Azərbaycan Respublikasının
2006-cı il büdcəsi sosial yönümlü olmaqla bərabər, ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaradır. Çünki 2006-cı ildə ötən ilə nisbətən sərmayə qoyuluşu 3,9 dəfə artacaqdır. Heç bir sahə üçün belə yüksək artım nəzərdə tutulmamışdır.
Ölkəmizdə gələn il elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq məqsədi ilə genişmiqyaslı işlər görüləcəkdir. Həmin sərmayənin müəyyən hissəsi bu istiqamətə yönəldiləcəkdir. Su təminatının yaxşılaşdırılması sahəsində də iri layihələr həyata keçiriləcəkdir.
Çıxışlarda qeyd olunmuşdur ki, büdcədə ən çox vəsait ordu quruculuğuna ayrılmışdır. Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitin isə yarısından çoxu məqsədli proqramların həyata keçirilməsinə sərf ediləcəkdir.
Respublikamızda gələn il infrastruktur obyektlərin yaradılmasına, yolların, rabitənin inkişafına xüsusi diqqət yetiriləcəkdir. Elə bu məqsədlə də büdcədən kifayət qədər vəsait ayrılmışdır.
İclasda o da vurğulanmışdır ki, ölkəmizdə prioritet sahələrdən biri turizm və onun inkişafı olmalıdır. İndi bu istiqamətdə mühüm işlər görülür. Lakin turizmlə bağlı qanunvericilikdə bir sıra boşluqlar var və Milli Məclis qarşıdakı illərdə bunu aradan qaldırlmalıdır. Turizm gələcəkdə Azərbaycanı inkişaf etdirən sahələrdən birinə çevriləcəkdir.
Milli Məclis bununla da 2006-cı ilin büdcə layihəsinin müzakirəsini başa çatdırmışdır. Oktyabrın 13-də keçiriləcək iclasda müzakirə zamanı deputatların qaldırdıqları məsələlərə maliyyə naziri aydınlıq gətirdikdən sonra büdcə layihəsinə münasibət bildiriləcəkdir.