MİLLİ MƏCLİS BƏZİ QANUNLARA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Sonra “Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və həmin Sazişin Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsinə baxılmışdır. İqtisadi siyasət daimi komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, bu sənədlər Azərbaycanla Finlandiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Deputatlar sənədlərin Azərbaycanın milli maraqlarına cavab verdiyini vurğulamış və təsdiqləmişlər.
Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə “Azərbaycan Respublikasının Yevlax, Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazi sərhədlərində qismən dəyişikliklər edilməsi barədə” qanun layihəsi haqqında məlumat vermişdir. Layihə səs çoxluğu ilə qəbul edilmişdir.
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” və “Polis veteranı” medallarının təsis olunması barədə və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat vermişdir. Deputatlar medalların Əsasnamələrini və təsvirlərini təsdiqləmiş, qanuna dəyişikliklər etmişlər. Daha sonra “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, Qanunun tətbiqi ilə əlaqədar 14 qanuna əlavələr və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərin əsas məğzi torpaq üzərində hüquqların qeydiyyatının dövlət reyestrində aparılmasından ibarətdir. Əlavə və dəyişikliklər nəticəsində torpağın icarəyə verilməsi, satışı, yaşayış evlərinin tikintisi, özəlləşdirilməsi ilə bağlı qaydalar təkmilləşəcək, bu məsələlərin vahid mərkəzdən idarə olunması təmin olunacaqdır.
Günün ikinci yarısında “Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına xidmət edəcəkdir. Qanun cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs qismində tutulmuş insanların müvəqqəti saxlanma yerlərində saxlanılması qaydalarını və şəraitini müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir. Layihədə əsas anlayışlarla yanaşı, həbsdə saxlanmanın prinsipləri, əsasları, istintaq təcridxanaları, təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsi, həbsdə saxlanmanın əsas məqsədi, həbsdə saxlama yerlərinin daxili nizam qaydaları və digər müddəalar əksini tapmışdır. Dörd fəsil, 48 maddədən ibarət olan bu qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.