MİLLİ MƏCLİS BÜDCƏ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Müzakirələr zamanı deputatlar kənd rayonlarının problemlərindən danışmış, bölgələrin inkişafı üçün büdcə vəsaitlərinin azlığından narazılıqlarını ifadə etmişlər.
Mədəniyyət məsələləri daimi komissiyasının sədri Anar Rzayev hökuməti ölkənin mədəniyyətinin inkişafına zəif diqqət göstərməkdə günahlandırmışdır. O demişdir ki, büdcədə mədəniyyətə ayırmalarda artım olsa da, bu yetərincə deyildir. Latın qrafikasına keçməyimizə baxmayaraq, vəsait olmadığı üçün məktəblilərə və digər oxuculara M.F.Axundovun, Nəsiminin, Nizaminin və daha onlarca mütəfəkkirin əsərlərini, eləcə də “Koroğlu” dastanını latın qrafikası ilə nəşr edib çatdırmaq mümkün olmamışdır. Bu isə həmin klassiklərin unudulması deməkdir.
Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev Azərbaycan kinosunun ağır vəziyyətindən danışmışdır. O, demişdir ki, kinematoqrafiyada istifadə olunan texniki avadanlığın köhnəlməsi üzündən bu gün yeni filmlər çəkilmir. Hazırda istifadə olunan avadanlığı isə 30 il əvvəl cənab Heydər Əliyev aldırmışdır. Əminik ki, Azərbaycanın indiki Prezidenti də kinoya diqqət yetirəcəkdir. Rasim Balayev onun guya müxalifətə keçməsi ilə bağlı gəzən şayiələrə də münasibət bildirmişdir. O, bu məlumatların həqiqətə uyğun olmadığını, bu günə qədər dövlətçiliyə, Heydər Əliyev siyasətinə xidmət etdiyini və bundan sonra da əqidəsinə sadiq qalacağını bəyan etmişdir.
Sonra bəstəkarlar, rəssamlar ittifaqlarının rəhbərləri və dəvət olunmuş digər şəxslər mövcud problemlərdən və vəziyyətdən çıxış yollarından danışmışlar.
Müzakirələr gələn iclasda davam etdiriləcəkdir.