MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Parlamentin rəhbəri demişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmiz Aİ-nin Yeni Qonşuluq Siyasəti çərçivəsində əlaqələrimizi daha da genişləndirmək niyyətindədir. Bununla bağlı fəaliyyət proqramının hazırlanması istiqamətində danışıqlar davam etdirilir. Proqram çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. İstərdik ki, həmin proqramda Gürcüstan və Moldova üçün nəzərdə tutulmuş imtiyazlar Azərbaycana da şamil edilsin.
Oqtay Əsədov Avropa İttifaqının ölkəmizə 400 milyon dollardan çox yardım göstərdiyini diqqətə çatdırmış, TACİS, TRASEKA, İNOQEYT və Ərzaq Proqramı çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirmişdir. Milli Məclisin sədri rəsmi Bakının əlaqələrimizin inkişafında maraqlı olduğunu və Azərbaycanın Avropa Enerji Təhlükəsizliyi Proqramında da yaxından iştirak etmək istəyini diqqətə çatdırmış, Avropa Komissiyasının bəzi siyasi məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarını nəzərə almamasından təəssüf hissi keçirdiyini vurğulamışdır.
Sonra Oqtay Əsədov parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ilə, mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilərə hazırlıqla bağlı ətraflı məlumat vermiş və bu siyasi aksiyanın tam demokratik və şəffaf keçiriləcəyinə əminliyini vurğulamışdır.
Azərbaycana ilk dəfə gəldiyini deyən Hans Vinkler Bakıda müşahidə etdiyi dinamik inkişafdan məmnun qaldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Avropa İttifaqı ilə əlaqələrin genişlənməsində milli dəyərlər, iqtisadiyyatın dinamik inkişafı xüsusi yer tutur və buna böyük önəm verilir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Avstriyanın ölkəmizdə akkreditə olunmuş səfiri xanım Haydemariya Gürer və digər rəsmi şəxslər iştirak etmişlər.