MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sentyabrın 27-də Azərbaycan-Çin Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cəlal Əliyev Ümumçin Xalq Nümayəndələri Məclisinin Maliyyə-iqtisadi komitəsinin sədri Çen Quanyi başda olmaqla, bu komitənin üzvləri ilə görüşmüşdür.
Cəlal Əliyev qonaqları səmimiyyətlə salamlayaraq bildirdi ki, Çin nümayəndə heyətinin hər bir səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına və dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir. O, qonaqları Bakıda açılan Çin boyakarlığı sərgisinə dəvət etdi.
Cəlal Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışaraq dedi ki, bu münasibətlərin tarixi uzaq keçmişə gedib çıxır. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra ikitərəfli münasibətlər yeni təkan aldı. Dövlətlərimizin başçılarının səyləri sayəsində bu gün Azərbaycan-Çin münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxmışdır.
Cəmiyyətin sədri ölkəmizdə baş verən dəyişikliklər, iqtisadi və sosial həyatdakı tərəqqi barədə qonaqlara məlumat verdi. O vurğuladı ki, əldə edilmiş nailiyyətlər, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti ilə bağlıdır. Cəlal Əliyev neft sektorunda və digər sənaye sahələrində, habelə kənd təsərrüfatında həyata keçirilən islahatlar barədə ətraflı danışaraq, xalqımızın xoşbəxt gələcəyinə əmin olduğunu bildirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkənin uğurlu inkişafı yolunda başlıca maneə adlandıraraq, Ermənistanın təcavüzünün tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verdi, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ÇXR rəhbərliyinə və xalqına minnətdarlığını bildirdi.
Çen Quanyi Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması fikri ilə razılaşaraq, dedi ki, Dostluq Cəmiyyətinin yaradılması xalqlarımız arasında qırılmaz qarşılıqlı əlaqələrin daha bir sübutudur. O, dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan Prezidentinin səylərini xüsusi vurğulayaraq, dövlətlərimizin başçılarının imzaladıqları sənədləri qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafının möhkəm təməli kimi səciyyələndirdi. Qonaq bildirdi ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı onlarda dərin təəssürat buraxmışdır. Çen Quanyi bu il ölkəmizdə ÜDM-nin artımının ÇXR-in göstəricilərini ötməsi faktını xüsusi nəzərə çarpdırdı.
Qonaq ümidvar olduğunu bildirdi ki, Dağlıq Qarabağla bağlı problem tezliklə beynəlxalq hüquq çərçivəsində həllini tapacaqdır. Çin BMT Təhlükəsizlik Şurasının həmin münaqişəyə dair bütün qətnamələrini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Görüşdə Çinin Azərbaycandakı səfiri Çjan Siyun iştirak edirdi.