MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov Fransa-Azərbaycan dostluq qrupunun sədri senator Jan Buaye başda olmaqla bu qrupun nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq, Fransa-Azərbaycan dostluq qrupun üzvləri ilə 1998-1999-cu illərdə Parisdə və Bakıda keçirilmiş görüşlərdən danışdı və bu görüşlərdə Fransa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinin müzakirə edildiyini söylədi. Parlamentin sədri dedi ki, cənab Jan Buayeə senator və dostluq qrupunun sədri olaraq Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə böyük töhfə vermiş və ölkəmizin mənafelərini həmişə müdafiə etmişdir. Murtuz Ələsgərov bildirdi ki, Fransa və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərin kökləri var. Hələ orta əsrlərdə fransız keşişi Rafael Düma Azərbaycan dilinin qramatikası haqqında kitab nəşr etdirmiş, ölkəmizə səyahət etmiş məşhur yazıçı Aleksandr Düma/Ata/ isə əsərlərində xalqımızın ünvanına xoş sözlər yazmışdır.
Milli Məclisin sədri ölkələrimizin dövlətlərarası və parlamentlərarası əlaqələrindən söz açaraq nəzərə çarpdırdı ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Fransa onun dövlət suverenliyini birincilər sırasında tanımışdır. Fransaya dəfələrlə səfər etmiş Azərbaycan Prezidenti Heydər Əliyevin sabiq prezident Fransua Mitteran və indiki dövlət başçısı Jak Şirak ilə konstruktiv görüşləri olmuşdur və bu görüşlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq haqqında müqavilələr və sazişlər imzalanmışdır. Azərbaycan parlamenti bu sənədlərin hamısını ratifikasiya etmişdir.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması üçün Fransanın göstərdiyi səyləri də yüksək qiymətləndirdi. O dedi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa həmin problemin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsi üçün böyük səylər göstərir.
Jan Buaye səmimi qəbula görə təşəkkür edərək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri sarıdan nikbin olduğunu söylədi, özündən sonra dostluq qrupuna sədrlik edəcək cənab Ambruaz Düponu təqdim etdi.
Jan Buaye Fransa senatının sədri Kristian Ponslenin salamını Murtuz Ələsgərova yetirərək vurğuladı ki, Gürcüstan, Azərbaycan və Ermənistan parlamentləri sədrlərinin Versaldakı görüşü məhz onun təşəbbüsü ilə keçirilmişdir. O dedi: Biz bilirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınması məsələsində Ermənistanın mövqeyi Azərbaycanın hüquqlarını pozur, amma deməliyəm ki, Fransa bu məsələdə ölkənizi tamamilə dəstəkləyir.
Daha sönra ölkələrimiz arasında münasibətlərə aid bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi oldu.