SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 9-da Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə İsveçrə parlamentinin Dağlıq regionlar komitəsinin sədri Teo Maysen başda olmaqla bu ölkənin parlament üzvlərini qəbul etmişdir.
Arif Rəhimzadə qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycanın qanunvericilik orqanının strukturu və fəaliyyəti barədə məlumat verdi. O, ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafına kömək edəcək parlamentlərarası işçi qrupunun yaradılmasını da təklif etdi.
Parlament sədrinin birinci müavini Azərbaycanın dağlıq rayonlarının problemləri üzərində dayanaraq, dağ çayları hesabına turizmin və energetikanın inkişafı imkanlarından danışdı. O, torpaq islahatına və kəndlilərə kreditlər ayrılması məsələsinə də toxundu.
Arif Rəhimzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək, bu münaqişəni ölkənin iqtisadi və sosial inkişafı yolunda əsas maneə adlandırdı.
Cənab Teo maysen öz ölkəsinin qanunvericilik orqanı, nümayəndə heyətinin İsveçrə Dağ Federasiyasının təşkil etdiyi konfransda iştirakı barədə məlumat verdi. O, İsveçrə parlamenti üzvlərinin azərbaycanlı həmkarları ilə fəal əməkdaşlıq etmək istədiyini bildirdi.
İsveçrə Dağ Federasiyasının nümayəndəsi Yorq Vayder Azərbaycanda və Gürcüstanda dağlıq regionların inkişafı üzrə həyata keçirdikləri layihələrdən danışdı. Onun sözlərinə görə, hər iki ölkədə onların çoxlu tərəfdaşı meydana çıxmışdır.
Görüşdə parlamentlərarası münasibətlərin inkişafı ilə bağlı bir sıra məsələlərə dair faydalı fikir mübadiləsi aparıldı.