MİLLİ MƏCLİSDƏ QƏBUL
31-də Milli Məclisin sədri Murtuz Ələsgərov Gürcüstan Nəzarət Palatasının sədri Sulkan Molaşvilinin başçılığı ilə bu qurumun nümayəndə heyətini qəbul etmişdir.
Milli Məclisin sədri dinamik inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərindən danışaraq, prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin bu işdə müstəsna rolunu vurğuladı. Məhz onların şəxsi dostluğu və siyasi iradəsi sayəsində ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq mümkün olmuşdur. Murtuz Ələsgərov bildirdi ki, Azərbaycan və Gürcüstanın dövlət başçılarının imzaladıqları sənədlər ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin hüquqi bazasını təşkil edir. TRASEKA proqramı çərçivəsində həyata keçirilən layihələr, habelə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin perspektivləri ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə kömək göstərəcəkdir.
Milli Məclisin sədri ölkələrimizin parlamentləri arasında əməkdaşlıqdan danışarkən Gürcüstan qanunvericilik orqanının sədri Nino Burcanadzenin Bakıya ötənilki səfərini xatırladaraq dedi ki, biz beynəlxalq təşkilatların parlament assambleyaları çərçivəsində fəal əməkdaşlıq edirik. Murtuz Ələsgərov Azərbaycanın Hesablama Palatası ilə Gürcüstanın Nəzarət Palatası arasında imzalanacaq sənədlərin ikitərəfli əməkdaşlığın daha da fəallaşmasına təkan verəcəyini vurğuladı.
Gürcüstan Nəzarət Palatasının sədri Sulkan Molaşvili Azərbaycanın Hesablama Palatası ilə əmədaşlığın perspektivlərindən ətraflı danışaraq bildirdi ki, hər iki palatanın rəhbərləri MDB çərçivəsində qarşılıqlı əlaqələrlə yanaşı, ikitərəfli əsasda da fəal əməkdaşlıq barədə razılığa gəlmişlər. Bunu Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın vəziyyəti, onların ərazisində iri beynəlxalq layihələrin həyata keçirilməsi tələb edir. Qonaq dedi ki, “bizim başlıca vəzifəmiz maliyyə vəziyyəti və gerçəkləşdirdiyimiz layihələrin şəffaflığına riayət olunması barədə prezidentlərimizə məlumat verməkdir. Təəssüf ki, bu gün Gürcüstanda Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi yolunda süni əngəllər yaradan qüvvələr vardır. Azərbaycan Hesablama Palatası və Gürcüstan Nəzarət Palatasının yaratdıqları işçi qrupunun vəzifəsi bu cür halları aradan qaldırmaqdır.
Qəbulda Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdilər.