MİLLİ MƏCLİSİN İCLASINDA
Milli Məclisin noyabrın 29-da keçirilən ümumi iclası cari məsələlərin müzakirəsi ilə başlandı.
Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov Azərbaycanda İnternetdən istifadənin aşağı səviyyədə olmasından danışdı və bu xidmətdən istifadə haqqının aşağı salınmasını təklif etdi. O bildirdi ki, İnternet abunəçilərinin sayına görə ölkəmiz MDB-nin bir çox dövlətlərindən geri qalır. Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Ş.Əsgərovun təşəbbüsünü şərh edərək xatırlatdı ki, rabitə naziri bu yaxınlarda İnternetdən istifadə haqqının aşağı salındığını bildirmişdir.
Bəzi deputatlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan bir sıra informasiya agentliklərinin və ictimai təşkilatların fəaliyyəti ilə əlaqədar narahat olduqlarını söylədilər. Milli Məclisin deputatı Əli Əhmədov seçkilərin və referendumun guya saxtalaşdırıldığı barədə müxalifət deputatlarının çıxışlarını böhtan, siyasi mədəniyyətsizliyin təzahürü kimi qiymətləndirdi.
Milli Məclisin sədri Murtuz Ələsgərov Seçki Məcəlləsinin müzakirəsinin gecikdirildiyi barədə çıxışlarla əlaqədar bildirdi ki, ekspertlərin böyük bir qrupu bu sənəd üzərində işləyir və o, bəzi mötəbər beynəlxalq təşkilatlara göndərilmişdir. Onların rəyi alındıqdan sonra bu sənəd Milli Məclisin ümumi iclasının müzakirəsinə çıxarılacaqdır.
Sonra deputatlar iclasın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsinə başladılar. Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Ağdam, Qəbələ və Saatlı rayonlarının inzibati-ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haqqında məlumat verdi. Z.Qaralov bildirdi ki, məsələyə daimi komissiyada baxılmış və onu ümumi iclasın müzakirəsinə çıxarmaq qərara alınmışdır.
Müzakirələrdən sonra deputatlar həmin dəyişikliklərə səs verdilər.
Sonra deputatlar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisi vasitəsilə tranzit keçidinin qaydaları haqqında Əsasnaməni müzakirə etdilər. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Bəxtiyar Əliyev bu məsələ barədə məlumat verərək dedi ki, həmin şəxslərin Azərbaycan Respublikasının sərhədlərindən keçməsi fövqəladə hallarda - nəqliyyat vasitələri saz olmadıqda və şəxsiyyəti təsdiqləyən sənədlərdə nöqsanlar aşkara çıxarıldıqda dayandırılır.
Əsasnamə müzakirələrdən sonra ikinci oxunuşda təsdiqləndi.
Fasilədən sonra deputatlar “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun layihəsinin müzakirəsinə başladılar. Bu məsələ barədə çıxış edən deputatlar hökumət orqanlarının xarici ölkələrdəki, o cümlədən MDB dövlətlərindəki Azərbaycan diasporu ilə sıx əlaqələrindən danışdılar. Onlar xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prinsiplərinə, xarici vətəndaşlığı olan azərbaycanlıların vətəndaşlığına, mədəniyyət, dil və təhsilə aid məsələlərə də toxundular.