MİLLİ MƏCLİSİN TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərovun məlumatından sonra iclasda əvvəlcə şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında məsələ müzakirə edilmişdir.
Komissiya üzvləri “Yanğın təhlükəsizliyi haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında Əsasnaməyə”, “Hərbi qulluqçuların statusu haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunlara da əlavə və dəyişikliklər edilməsini zəruri saymışlar.
Gündəliyə uyğun olaraq “Sosial müavinətlər haqqında” qanunda aparılmış əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi məsələləri müzakirə olunmuşdur.
Deputatların rəy və təklifləri nəzərə alınmaqla qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin gündəliyinə tövsiyə olunmuşdur.