Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC, Aidə Quluzadə). Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etmişdir.
Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə olunmuşdur. Müzakirələr zamanı Oqtay Əsədov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmalıdır. Milli Məclisin sədri ATƏT-in Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifini irəli sürmüş, bu məsələnin təşkilatın Bakıda keçiriləcək sessiyasının gündəliyinə, yaxud gələcək iclaslarının birinə salınmasının vacibliyini diqqətə çatdırmışdır. Təklif deputatlar tərəfindən qəbul olunmuşdur.
Deputatlar Beynəlxalq Şəffaflıq Təşkilatının Milli Məclislə bağlı yaydığı hesabata da münasibət bildirmişlər. Qeyd edilmişdir ki, təşkilatın Milli Məclis haqqında yaydığı hesabatın heç bir əsası yoxdur və Azərbaycanın qanunverici orqanına qarşı belə sənədlə çıxış etmək qərəzli mövqedir.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanmışdır. Əvvəlcə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanun layihələri müzakirə edilmişdir.
Bildirilmişdir ki, 20 maddədən ibarət olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi 2009-cu il yanvarın 26-da Bonn şəhərində imzalanmışdır. Nizamnamə davamlı inkişaf naminə bərpa olunan enerji mənbələrindən geniş istifadəni və bu istiqamətdə təbliğatın aparılmasını nəzərdə tutur.
Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”,
“Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılmışdır.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə əsasən bu Məcəllənin 151. 4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 1 il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatına) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları 3 gün ərzində yeniləməlidirlər. Əks halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsi ilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
Sonda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilmişdir.
Bununla da Milli Məclisin yaz sessiyasının növbəti iclası başa çatmışdır.