MİLLİ MƏTBUAT GÜNÜ BÖLGƏLƏRDƏ DƏ GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, milli mətbuatımızın yaranmasının 133-cü ildönümü münasibətilə iyulun 22-də Zaqatala, Qax və Şəkidə təntənəli tədbirlər, o cümlədən mətbuat nümayəndələri ilə görüşlər keçirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyətində yerli qəzet və televiziya əməkdaşlarının, habelə respublikanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə icra hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistləri əlamətdar bayram münasibətilə təbrik etmişdir. O, Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli yoldan, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışmışdır. Milli mətbuatımızın çox zəngin tarixi inkişaf yolu keçdiyini, xalqımıza daim sədaqətlə xidmət edərək milli özünüdərkin formalaşmasında, müstəqillik ideyalarının möhkəmləndirilməsində müstəsna rol oynadığını bildirən natiq, Azərbaycan müstəqillik qazandıqdan sonra mətbuat və söz azadlığının bərqərar olması üçün hüquqi və iqtisadi bazanın yaradıldığını, bu sahədə ümummilli liderimiz, jurnalistlərin yaxın dostu Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Bu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Əsgərov indi ölkəmizdə 2700-dən artıq qəzet və jurnalın nəşr edilməsini, özəl televiziya və radioların fəaliyyət göstərməsini demokratiyanın mühüm göstəricisi kimi qiymətləndirmişdir.
Görüşün sonunda bu il 85 yaşı tamam olmuş “Zaqatala” qəzetinin əməkdaşlarına, habelə aparıcı KİV-lərin bölgə müxbirlərinə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə fəxri fərman, hədiyyə və pul mükafatları təqdim edilmişdir.
…Həmin gün Qax və Şəki şəhərlərində yerli və bölgə mətbuatı nümayəndələri ilə görüşlər keçirilmişdir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək, mətbuat nümayəndələrini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirmiş, milli mətbuatımızın keçdiyi şərəfli yol və qazandığı nailiyyətlər barədə danışmışlar.
Sonda mətbuat nümayəndələrinə mükafatlar verilmişdir.