Millinin baş məşqçisi: Karateçilərimizin dünya çempionatında uğur qazanmaq şansı yüksəkdir
Bakı, 19 oktyabr, AZƏRTAC
“İlboyu hazırlıqlarımızı dayandırmamışıq. Bəzi idmançılarımız xəstədirlər, bəzilərinin zədəsi var. Ona görə də məşqlərdə iştirak edə bilmirlər. Ümid edirəm ki, dünya çempionatına kimi hazır olarlar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi karateçilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyev dünya çempionatına hazırlıqla bağlı təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis idmançıların mundialda uğur qazanmaq şanslarının yüksək olduğunu bildirib: “Amma ən pik formada olan idmançıdan belə, hər dəfə nəticə gözləmək olmaz. Hər çəki üzrə karateçilərimizin əvvəlki yarışlarda nəticələri var. Dünya çempionatında da uğur qazanmaq şansları yüksəkdir. Ardıcıl nəticə verən idmançılar İrina Zaretska, Asiman Qurbanlı, Tural Ağalarzadə və böyüklərdən ibarət yığmaya yenicə yüksələn Əminağa Quliyevdir. Amma o demək deyil ki, digərləri uğursuz çıxış edəcəklər. Ümid edirəm ki, yarışdan yaxşı nəticələrlə qayıdarıq”.
O, xəstəlik və zədə səbəbindən məşqlərə qatılmayan karateçilərin adlarını da açıqlayıb: “Bunlar Fərid Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Firdovsi Fərzəliyev və Fidan Teymurovadır”.
Qeyd edək ki, karate üzrə dünya çempionatı oktyabrın 24-dən 29-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.