Mingəçevir Dövlət Universiteti dayanıqlı inkişaf istiqamətində növbəti uğurunu qazanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) “UI GreenMetric Sustainable University Rankings 2026”nın nəticələrinə əsasən Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb.
MDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəticələr Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings 2026 Results & Awards Ceremony” çərçivəsində rəsmən elan olunub. MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə universiteti təmsil edib. Mükafatlandırma mərasimində Azərbaycanın “UI GreenMetric 2026” üzrə ən yüksək nəticə göstərən ali təhsil müəssisələrinin yekun mövqeləri açıqlanıb.
Mingəçevir Dövlət Universitetinin ölkə üzrə 6-cı yerə yüksəlməsi ali təhsil müəssisəsinin dayanıqlı inkişaf, ekoloji məsuliyyət, yaşıl kampus yanaşması və resursların səmərəli idarə olunması istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin nəticələrindən biri olub. Bu nəticəni xüsusi əhəmiyyətli edən məqamlardan biri MDU-nun paytaxtdan kənarda yerləşən universitetlər arasında Azərbaycanın ilk onluğunda yer alan yeganə ali təhsil müəssisəsi olmasıdır. Bununla da MDU region universitetləri arasında dayanıqlılıq və yaşıl universitet gündəliyi üzrə mövqeyini daha da gücləndirib.
Tədbirin əhəmiyyətini artıran digər mühüm məqam isə Azərbaycanın ilk dəfə “UI GreenMetric Sustainable University Rankings” nəticələrinin elan olunması və mükafatlandırma mərasiminə ev sahibliyi etməsi olub. Sentyabrın 23-dən 25-dək davam edən beynəlxalq tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər və dayanıqlılıq üzrə ekspertlər iştirak edirlər. Proqram çərçivəsində dayanıqlı universitet idarəçiliyi, iqlim məsuliyyəti, yaşıl kampus, su və enerji resurslarının idarə olunması, rəqəmsal dayanıqlılıq və digər aktual istiqamətlər üzrə panel müzakirələri, vörkşoplar və elmi sessiyalar keçirilir.
Müxbir - Vüsalə Cənnətova