REGİONLAR
Mingəçevir Dövlət Universitetində Bilik günü ilk dəfə qeyd edilib
![Mingəçevir Dövlət Universitetində Bilik günü ilk dəfə qeyd edilib](/files/2015/3/1200x630/14423538534090164463_1200x630.jpg)
Mingəçevir, 16 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Sentyabrın 15-də respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Mingəçevir Dövlət Universiteti də qapılarını tələbələrin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Universitetində Bilik günü ilk dəfə qeyd olunub. Universitetin tələbə və müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Sonra universitetin akt zalında davam edən tədbirdə rektor əvəzi Akif Hacıyev yeni tədris ilinin başlanması münasibətilə yığıncaq iştirakçılarını təbrik edib. Qeyd olunub ki, 24 il ərzində uğurla fəaliyyət göstərən Mingəçevir Politexnik İnstitutunda yüzlərlə gənc ali təhsil alaraq müəssisə və idarələrdə, sənaye obyektlərində çalışır, müstəqil respublikamızın inkişafı və tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəmirlər. Prezident İlham Əliyevin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti yaradılıb. Akif Hacıyev universitet kollektivinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib və bu yüksək etimadı doğruldacaqlarını bildirib.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Onlar şəhərdə ilk ali təhsil ocağı kimi baza rolunu oynayan Mingəçevir Politexnik İnstitutunun şanlı ənənələrindən, qazandığı uğurlardan söz açıblar.
Bu il Mingəçevir şəhər 20 saylı məktəbi qızıl medalla bitirən və Mingəçevir Dövlət Universitetinə 555 balla qəbul olunan Aişən Məmmədova, energetika və mexanika fakültəsinə yüksək balla qəbul olunan Ədalət Məmmədov öz sevinclərini tələbə və müəllim kollektivi ilə bölüşüblər.
Tədbirin sonunda builki qəbul zamanı yüksək bal toplamış birinci kurs tələbələrindən bir qrupuna hədiyyələr təqdim olunub.