ELM VƏ TƏHSİL
Mingəçevir Dövlət Universitetində Bilik Günü qeyd edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Bilik Günü qeyd edilib.
Universitetin həyətində keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Gənclər və İdman İdarəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzülüb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə MDU-nun kollektivini, tələbə və magistrantları təbrik edib, uğurlar arzulayıb.
Hazırda Mingəçevir Dövlət Universitetinin Azərbaycan ali təhsil məkanında öz mövqeyini gündən-günə gücləndirdiyini, son illərdə əldə edilən uğurların artdığını qeyd edən Ü.Zeynalov bu uğurların əsasında Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının dayandığını vurğulayıb. O, çıxışında yeni tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb, 2024-2025-ci tədris ilində universitetə qəbul səviyyəsinin artdığını, əvvəlki tədris illərinə nisbətən birinci kursa qəbul olan tələbələrin daha yüksək ballar topladıqlarını vurğulayıb.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, son illərdə təhsil sahəsində qazanılan uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasətinin nəticəsidir.
MDU-nun şəhid məzunu Əzəmi Hüseynovun bacısı Elnarə xanım, universitetin məzunu, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin müdiri Sani Məmmədov universitet rəhbərliyinə, professor-müəllim heyətinə uğurlar diləyib, tələbələri və onların valideynlərini təbrik edib, cəmiyyətimiz üçün faydalı mütəxəssislər kimi yetişmələrini arzulayıblar.
2024-2025-ci tədris ilində 628 bal toplayaraq MDU-nun bakalavr səviyyəsi üzrə ən yüksək nəticə qazanan tələbəsi Mətanət Behbudlu və 87 bal toplayaraq magistratura səviyyəsi üzrə ən yüksək nəticəyə nail olan magistrant Elmira Xəlilova ürək sözlərini çatdırıb, universitetdə əldə edəcəkləri bilik və bacarıqlarla dövlətimizə, xalqımıza layiqli vətəndaş kimi xidmət göstərəcəklərini, onlara olan etimadı doğruldacaqlarını bildiriblər.
Sonda MDU-ya yüksək balla daxil olmuş Mətanət və Mədinə Behbudlu bacılarının atası Ramiz Behbudov kollektivi yeni dərs ilinin başlanması münasibətilə, eyni zamanda, övladlarının timsalında tələbə adı qazanan bütün gəncləri təbrik edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Elmi Şurasının qərarına əsasən, 2024-2025-ci tədris ilində MDU-ya 500 və 500-dən çox bal toplayaraq qəbul olan hər tələbəyə topladığı bal miqdarında birdəfəlik pul mükafatı verilməsi nəzərdə tutulub. Bu səbəbdən tədbir çərçivəsində 500-dən yuxarı bal toplayaraq MDU-ya qəbul olan 16 tələbə mükafatlandırılıb. Sevindirici haldır ki, onlardan 4 nəfərinin topladığı bal 600-dən yuxarıdır.