Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib
Mingəçevir, 12 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Heydər Əliyevin MDU-nun əsas tədris korpusunda olan büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı qələbə və iki gün əvvəl keçirilmiş tarixi Zəfər paradı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızda sonsuz fəxarət və sevinc hissləri yaradan möhtəşəm zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Azərbaycan dövlətinin memarı Heydər Əliyevin misilsiz xidmətləri barədə danışan rektor dahi liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəsillərə təbliğ edilməsi baxımından konfransın əhəmiyyətini diqqətə çatdırıb. Qalib xalq olaraq anım gününün əvvəlki illərdən daha fərqli və daha qürurlu hisslərlə qeyd edildiyini vurğulayan Ş.Bayramov 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəni xalqımıza yaşatmaq, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirmək iqtidarında olan layiqli siyasi varis yetişdirməsini Ümummilli Liderin ən böyük xidməti olduğunu bildirib. İllər keçdikcə Heydər Əliyev dühasının əzəmətinin, onun şəxsiyyətinin böyüklüyünün daha aydın dərk edildiyini qeyd edən rektor Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını vurğulayıb.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Azərbaycan xalqının qəlbində əbədi yaşayan Ümummilli Lider: siyasi portret”, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbə Heydər Əliyev dühasının təntənəsidir”, Humanitar fənlər kafedrasının baş müəllimi Günel Yunusova isə “Ulu Öndərin zəngin irsi Azərbaycanın davamlı inkişafının əsası kimi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin güclü siyasi iradəyə və böyük qətiyyətə sahib olan rəhbər kimi siyasi portretindən, ölkəmizin davamlı inkişafında və tarixi qələbəsində Heydər Əliyevin zəngin irsinin misilsiz əhəmiyyətindən bəhs edilib.