CƏMİYYƏT
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri sürətlə davam etdirilir
Mingəçevir. 17 iyun (AZƏRTAC). Mingəçevir şəhərinin səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, tibb işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi önünə əklil və gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Şəhər mərkəzi xəstəxanasında keçirilən tədbirdə çıxış edənlər səhiyyə işçilərini bayram münasibətilə təbrik etmişlər.
Tədbirdə son illər Azərbaycan səhiyyəsinin yenidən qurulduğu və sürətlə inkişaf etdiyi vurğulanmışdır. Yeni tibb müəssisələrinin, sağlamlıq mərkəzlərinin yaradıldığı, ölkəyə müasir tibbi avadanlığın gətirildiyi, mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək əhalinin istifadəsinə verildiyi xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmiri işləri sürətlə davam etdirilir. Bu səhiyyə müəssisəsinin yenidən qurulması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Hazırda 570 çarpayılıq mərkəzi xəstəxananın binasının dam örtüyündə və fasad hissəsində tamamlanma işləri görülür.
Qeyd edilmişdir ki, müalicə ocağının 21 şöbəsində və yardımçı binalarda təmir işləri müasir texnologiya əsasında həyata keçirilir. Xəstəxananın bu ilin sonunda təhvil verilməsi nəzərdə tutulmuşdur. Xəstəxanada bütün şöbələr ən müasir avadanlıqla təmin ediləcək, eyni zamanda, burada diaqnostik poliklinika bölümü də yaradılacaqdır. Bölgədə ilk dəfə olaraq məhz bu xəstəxanada insanlar kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya ilə müayinə olunacaqlar. Səhiyyə ocağında 10 çarpayılıq dializ otağı təşkil ediləcəkdir. Xəstəxananın həkimləri Səhiyyə Nazirliyinin xətti ilə Türkiyəyə ixtisasartırma kurslarına göndəriləcəklər. Şəhərdəki rayonlararası doğum evi də yeni xəstəxana kompleksinə köçürüləcəkdir.
Diqqətə çatdırılmışdır ki, yenidənqurma işləri ilə əlaqədar hazırda mərkəzi xəstəxananın şöbələri müvəqqəti olaraq digər səhiyyə ocaqlarında yerləşdirilmişdir. Bu çətinliyə baxmayaraq, şəhər səhiyyəsinin tibb personalı öz vəzifəsini peşəkarlıqla icra edir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 14 struktur bölməsində çalışan 2128 tibb işçisi tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstərilir.