MİNGƏÇEVİRDƏ ÜMUMŞƏHƏR TOPLANTISI OLMUŞDUR
Mingəçevirdə Azərbaycan Prezidenti Heydər Əliyevin aprelin 3-də Sumqayıtda keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərə həsr olunmuş ümumşəhər toplantısı keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlının məsələ ilə əlaqədar məruzəsi dinlənilmişdir. Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri Cavanşir Usubov, AzərDRES-in direktoru Şıxməmməd Aslanov, 1 nömrəli məktəbin direktoru Məhbubə Bağırova, mədəniyyət şöbəsinin müdiri İdris Məmmədov, su təchizatı idarəsinin rəisi Əli Ağamirov çıxış etmişlər.
Məruzə və çıxışlarda xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidentinin Sumqayıtda keçirilən müşavirədəki nitqi respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakterini, ölkəmizin rəhbərinin yüksək vəzifəli kadrlara tələbkarlığının, nöqsanlara qarşı barışmaz münasibətinin əyani təzahürü olmuşdur.
Qeyd edilmişdir ki, Prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətimizin tərəqqisinə, xalqımızın mənəvi-estetik tərbiyəsinə göstərdiyi qayğıya cavab olaraq son bir ildə Mingəçevir Dövlət Dram Teatrının, tarix muzeyinin, mərkəzi kitabxananın binaları, Səməd Vurğun park-abidə kompleksi əsaslı təmir edilmiş, “Azərbaycanlıların soyqırımı və deportasiyası”, “Ana dili”, “Müstəqil Azərbaycan”, “Qədim Mingəçevir” abidələri ucaldılmış, Kürün sahilində Heydər seyrangahı salınmış, yeni istirahət güşələri yaradılmış, park və xiyabanlarda, yaşayış məhəllələrində 50 mindən çox ağac əkilmişdir. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin 2000-ci ildə Mingəçevirdə keçirdiyi unudulmaz görüşlərin nəticəsi olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 70 mənzilli yaşayış binası, məcburi köçkünlər üçün 412 ailəlik yeni qəsəbənin inşasına başlanmış, şəhərə 3,5 kilometr uzunluğunda 630 diametrlik təzə su kəməri çəkilmiş, Olimpiya avarçəkmə bazasında təmir işləri aparılmışdır.
Toplantıda mövcud problemlər, xüsusilə şəhər təsərrüfatındakı çatışmazlıqlar açıq diskussiya şəraitində təhlil edilmiş, onların aradan qaldırılması, eləcə də respublika Nazirlər Kabinetinin 1998-ci ilin noyabrında keçirlmiş geniş toplantısında Azərbaycan Prezidentinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin işindəki nöqsanları ciddi tənqid və şəhər rəhbərliyində kadr dəyişikliyi etdikdən sonra bərqərar olmuş sağlam mənəvi-psixoloji atmosferin qorunub saxlanması, möhkəmlənməsi üçün dəyərli təkliflər səslənmiş, konkret tədbirlər müəyyən edilmişdir.