Mingəçevirdə yol polisi əməkdaşları reyd keçirib
Mingəçevir, 25 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsi növbəti dəfə piyadalara, qaydaları pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı profilaktiki reyd keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətin intensiv olduğu küçələrdə təşkil olunan reyd zamanı polis əməkdaşları qayda pozan piyadalarla söhbətlər aparıb, onlara piyada keçidindən keçməyin zəruri olduğunu bildiriblər. Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Eyni zamanda, Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilib və onlarla profilaktiki söhbətlər aparılıb. İzah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürülməməli, dayanacaq olmayan yerlərdə avtobus saxlanılmamalıdır.