Minskdə xarici tələbələrin yaradıcılıq festivalı başlanmışdır
Bakı, 16 noyabr (AZƏRTAC). Minsk şəhər ratuşasında xarici tələbələrin “Fest-ART.by” X Respublika yaradıcılıq festivalının təntənəli açılışı olmuşdur. Festival Belarus Respublikasının Təhsil Nazirliyi, Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunmuşdur.
Festivalın devizi belədir: “Dünya gəncləri: yaradıcılq və təhsil vasitəsilə ünsiyyət”.
Belarus Azərbaycan İcmaları Konqresinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində Belarus Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Belarus Respublikasındakı səfirlər və diplomatik missiyaların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları və dekanları, habelə Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin nümayəndələri iştirak etmişlər.
Belarus Respublikası təhsil nazirinin müavini Viktor Yakjık və MDB iştirakçısı olan dövlətlərin Gənclərin işləri üzrə şurasının sədri, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirakçıları salamlamışlar.
Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin və onun gənclər şöbəsinin dəstəyi ilə Belarus Dövlət İqtisad Universitetinin azərbaycanlı tələbələri festivalın açılışında xalq çalğı alətlərini, milli geyimləri, Azərbaycan xalçaçılığının miniatür nümunələrini, qədim qabları və Azərbaycan şirniyyatını nümayiş etdirmişlər.
Milli sənət nümunələri sərgisindən sonra bayram konserti olmuşdur. Konsertin hər bir iştirakçısı mahnı və rəqslərdə, rus dilində söylədiyi monoloqda öz ölkəsinin mədəni koloritini nümayiş etdirmişdir.
Belarus, Çin və Azərbaycandan olan tələbə və məzunlardan ibarət aparıcılar kvarteti də beynəlmiləl xarakter daşımışdır. Azərbaycanı öz milli geyimində Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsinin sədri Elvira İmanova təmsil etmişdir.
Mədəni mübadilə bir ay ərzində kulinariya sənəti və xalq rəqsləri üzrə ustad dərsləri zamanı davam etdiriləcəkdir.
Forumda Belarusun ali məktəblərində təhsil alan solo ifaçılar və yaradıcılıq kollektivləri - Azərbaycan, Venesuela, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Çin, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Ukraynadan olan tələbələr iştirak edəcəklər.
Festival çərçivəsində “Yüz sima - gənclər tarix və mədəniyyətdə” fotosərgi müsabiqəsinin, “Planetin insanları: dialoqlar” videomüsahibə müsabiqəsinin, “Yaradıcılıq prizması” maarifləndirici videolayihə müsabiqəsinin, “Zəmanəmiz - təşəbbüs” innovasiya layihələri və informasiya - metodiki materiallar müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Noyabrın 18-də “F-ART.by” respublika festivalının regional mərhələsi kimi Qrodno Universitetində də xarici tələbələrin yaradıcılıq festivalı başlanacaqdır. Üç həftə ərzində müxtəlif xalqların mədəniyyət günləri keçiriləcəkdir.
Hazırda Belarus Respublikasının ali məktəblərində 95 ölkədən 14 min nəfərdən çox gənc təhsil alır.
Dekabrın 17-də Belarus Milli Kitabxanasında festivalın təntənəli bağlanışı olacaq, ona yekun vurulacaq və laureatlar, habelə festivalın fəal iştirakçıları mükafatlandırılacaqlar.