“Miqrant” mövzusunda foto və video müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 18 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) qurumun yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə elan olunan “Miqrant” adlı foto və video müsabiqəsinin qalibləri və mükafatçıları təltif ediliblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mükafata layiq görülən fotolardan ibarət sərgi ilə tanış olublar.
DMX-nin rəisi Vüsal Hüseynov çıxış edərək 19 mart - miqrasiya orqanları işçilərinin peşə bayramı gününün hər il geniş qeyd olunduğunu bildirib. Bu əlamətdar gün münasibətilə DMX tərəfindən müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdıran Xidmət rəisi “Miqrant” adlı foto və video müsabiqəsini də bu baxımdan qeyd edib. Yaradıcı insanlar arasında miqrasiya mövzusuna marağın əhəmiyyətini vurğulayan V.Hüseynov deyib ki, dünyada baş verən miqrasiya prosesləri, ölkəmizdə bu sahədə aparılan islahatlar, DMX tərəfindən həyata keçirilən tədbirlər və yeniliklərin cəmiyyətə çatdırılması faydalı və səmərəlidir. İştirakçılara təşəkkürünü bildirən Xidmət rəisi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə keçirilən bu müsabiqənin ənənəvi olacağına, gələcəkdə əhatə dairəsinin genişlənəcəyinə və iştirakçıların sayının artacağına əminliyini ifadə edib.
Müsabiqə barədə məlumat verilərkən bildirilib ki, təqdim edilən foto və video materiallarda həm qanuni, həm də qanunsuz miqrasiya ilə bağlı miqrant həyatı, miqrasiya sahəsi üzrə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların, qaçqınların və sair insanların həyat tərzi, miqrantların cəmiyyətə faydası və inteqrasiyası, insanların bu qəbildən olan şəxslərə münasibəti, ictimai faydalı mesajların ötürülməsi meyarları diqqət mərkəzində saxlanılıb. Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatılıblar. Müsabiqədə yerli və xarici müəlliflər iştirak ediblər. Fotomüsabiqənin nəticələri qiymətləndirilərkən hər nominasiya üzrə altı ən yaxşı iş (I yer üçün bir, II yer üçün iki, III yer üçün üç nəfər) münsiflər heyəti tərəfindən seçilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Ümumrespublika Prodüserlər Gildiyasının sədri, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, DMX-nin rəisi Vüsal Hüseynov, rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, Gənclər və İdman Nazirliyinin mətbu orqanlarının fotoqrafı, “Gilavar” klubunun həmtəsisçisi, “Tərəqqi” ordenli Dilavər Nəcəfov, Azərbaycan Fotoqrafçılar birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərov, Əməkdar artist, teleaparıcı, jurnalist, ssenarist Nərgiz Cəlilova və “azvision.az” saytının rəhbəri Vüsal Məmmədovdan ibarət münsiflər heyətinin qərarı ilə foto və video müsabiqəsinin qalib və mükafatçıları elan edilib.
AZƏRTAC-ın fotomüxbiri Aydın Məmmədovun işi müsabiqədə üçüncü yerə layiq görülüb. Mükafatı ona Xidmət rəisinin birinci müavini Vəli Nağıyev təqdim edib.
Fotomüsabiqədə 18 müəllifin 44 işi, video nominasiyasında isə 11 müəllifin 12 işi münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Amerika, Çexiya və Almaniyada çəkilib. AZƏRTAC-ın fotomüxbiri Aydın Məmmədov “Seneqal Respublikasının miqrantları”, Lalə Nağıyeva “Suriyalı qaçqınlar” və Kərim Abbasov “Getmə-getmə” fotoları ilə üçüncü yerə layiq görülüblər. Emil İbrahimovun “Pakistanlı uşaq” və Mirnaib Həsənoğlunun “Qarabağlı qaçqın uşaqlar” fotoları ikinci yerlə qiymətləndirilib. Ən yaxşı foto nominasiyasında qalib əfqanıstanlı müəllif Əhməd Cavad Əkbərzadənin “Qadının qəmgin hissləri” işi olub.
Müsabiqənin video nominasiyasında “M prodakşın”ın “Sən xoşbəxtsən” videoçarxı üçüncü mükafatı qazanıb. Ceyhun Türksoyun “YOL”, Elşən Əliyevin “Ən tək” filmləri ikinci yerə layiq görülüb. Ən yaxşı film nominasiyasında Mehman Rəsulovun “Bumeranq” filmi baş mükafatı qazanıb.
Qalib və mükafatçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.