MİQRASİYA İDARƏETMƏ SİSTEMİNİN DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN İNKİŞAFI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır.
Sənəddə bildirilir ki, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından miqrasiya proseslərinin tənzimlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiq edilmiş, onun icrası ilə bağlı bir sıra qanunvericilik, institusional və təşkilati tədbirlər həyata keçirilmişdir. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış və fəaliyyətə başlamış, əmək miqrasiyasının tənzimlənməsi təkmilləşdirilmiş, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə gücləndirilmişdir.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi layihəsinin hazırlanmasını sürətləndirsin və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlilini, proqnozlaşdırılmasını və monitorinqini təşkil etmək, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılmasını yekunlaşdırmaq, yeni texnologiyalar tətbiq edilməklə vahid uçotun aparılmasını təmin etmək, əhalini məlumatlandırmaq məqsədi ilə kütləvi informasiya vasitələrində miqrasiya qanunvericiliyinin təşviqini, xüsusi nəşrlərin buraxılmasını, maarifləndirmə tədbirlərini təşkil etmək, miqrasiyanın idarə edilməsi sahəsində kadrların müasir tələblərə cavab verən peşə hazırlığının təmin edilməsi üçün zəruri tədbirlər görmək və ali təhsil müəssisələrində bu sahədə ixtisaslaşan mütəxəssislərin hazırlanmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək tapşırılmışdır.
Fərmana əsasən, bir sıra qanunvericilik aktlarına əlavələr və düzəlişlər edilmiş, əlaqədar dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.