Monqolustan Elmlər Akademiyasının prezidenti Yüksək Texnologiyalar Parkında olub
Bakı, 2 iyun, AZƏRTAC
Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait və potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın “Təcrübə-Sənaye Zavodu “ MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib.
YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev qonaqlara ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra akademik D.Reqdel rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, əsası 1961-ci ildə qoyulan Monqolustan Elmlər Akademiyasında elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Akademik müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.