Monteneqronun yeni Prezidenti “Açıq Balkan” təşəbbüsünü dəstəklədiyini bildirib
Podqoritsa, 24 aprel, AZƏRTAC
Monteneqronun yeni seçilən Prezidenti Yakov Milatoviç “Açıq Balkan” təşəbbüsünü dəstəklədiyini, hər zaman regional əməkdaşlığın tərəfdarı olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, regional tərəfdaşlığın vacibliyini qeyd edən Y.Milatoviç Avropa İttifaqının (Aİ) da Balkan ölkələri arasındakı iqtisadi əməkdaşlığı dəstəklədiyini bildirib.
“Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası üçün regional iqtisadi əməkdaşlıq vacibdir. Münasibətlərin və regional əməkdaşlığın inkişafı iqtisadiyyat üzrə ekspert kimi mənim həmişə dəstəklədiyim məsələlərdir. Aİ-yə üzvlük Monteneqronun bir nömrəli prioritetidir. Nə qədər ki, bizim əsas məqsədimiz Aİ-yə üzvlükdür, mən regional əməkdaşlığı inkişaf etdirməməyimiz üçün heç bir səbəb görmürəm. Əksinə, bu əməkdaşlıq inteqrasiya prosesini də sürətləndirəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da Albaniya, Şimali Makedoniya və Serbiya tərəfindən irəli sürülən və “Kiçik Şengen” adı verilən “Açıq Balkan” təşəbbüsü üç ölkə arasında insanların, məhsulların, həmçinin investisiyaların asan mübadiləsini nəzərdə tutur. Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən təşəbbüs, eyni zamanda, iştirakçı ölkələr üçün ümumi regional bazar yaratmaq məqsədi daşıyır.
Xatırladaq ki, sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri 37 yaşlı Yakov Milatoviç aprelin 2-də Monteneqroda keçirilən seçkilərin ikinci turunda 58,88 faiz səs toplayaraq ölkənin səkkizinci prezidenti seçilib. Y.Milatoviç mayın 20-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifə səlahiyyətlərini hazırkı Prezident Milo Cukanoviçdən təhvil alacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa