MOSKVA HÖKUMƏTİ 2009-CU İL ÜÇÜN ƏCNƏBİ İŞÇİ QÜVVƏSİNİN SAYINI MÜƏYYƏNLƏŞDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva 2009-cu ildə şəhərə 500 min əcnəbi işçinin cəlb olunması haqqında Rusiya Federal Miqrasiya Xidmətinə sifariş vermişdir ki, bu da cari illə müqayisədə 200 min nəfər çoxdur. Həmin rəqəmdə bütün sahələr üzrə işçi qüvvəsinə olan tələbat əks olunmuşdur. Bunu Moskva merinin regionlararası əməkdaşlıq və kütləvi kommunikasiyalar məsələləri üzrə müavini Valeri Vinoqradov “RİA Novosti” agentliyində keçirilmiş və “Moskvada miqrasiya siyasətinin aktual məsələləri” mövzusuna həsr olunmuş mətbuat konfransında bildirmişdir.
O, Moskva hökumətinin vahid miqrasiya pəncərəsinin açılması planlarından, “qonağın xəritəsi” layihəsindən və paytaxt hökuməti, əcnəbi işçilər və işəgötürənlərin qarşılıqlı əlaqələrindən söhbət açaraq bildirmişdir ki, gələn il tikinti sahəsində işlər üçün 170 minədək, istehlak və xidmətlər bazarı sahəsində 90 minədək, nəqliyyat sahəsində 20 minədək, mənzil kommunal təsərrüfatı sahəsində 10 minədək və sənaye kompleksində 8 minədək adama ehtiyac olacaqdır.
Moskva hökumətinin paytaxt müəssisələri üçün zəruri olan əmək miqrantlarının mütəşəkkil seçimi praktikasına başladığını bildirən V.Vinoqradov demişdir: “Yerli hakimiyyət orqanları miqrantlarla bağlı sifarişləri toplayaraq, donor ölkələrin müvafiq dövlət təşkilatlarına göndərirlər. Orada Moskvada işləmək üçün mərkəzləşdirilmiş qaydada fəhlə və mütəxəssislər seçilir, tibbi müayinədən keçirilir və miqrantlardan ibarət qruplar formalaşdıqca, moskvalı işəgötürənlərin müşayiəti ilə yola salınır. Moskva hökuməti donorlarla ilk görüşü avqustda keçirməyə hazırlaşır”. V.Vinoqradov əlavə etmişdir ki, bu sistemin tədqiqi çox vaxt miqrantları aldadaraq, onlara saxta sənədlər verən vasitəçilərsiz keçinməyə imkan verir.