Moskvada Azərbaycanın Xalq Rəssamı Toğrul Nərimanbəyovun sərgisi açılmışdır
Moskva, 15 noyabr (AZƏRTAC). Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq Rəssamı Toğrul Nərimanbəyovun Xalq Yazıçısı Anarın Rusiya paytaxtında nəşr olunmuş “Dədə Qorqud” povestinin tərtibatında istifadə olunmuş qrafik əsərlərindən ibarət sərgi açılmışdır.
Ş.Mərcani adına Elmi və Mədəni Proqramlara Dəstək Fondunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə təşkil etdiyi sərgidə məşhur rəssamın 30-dan çox əsəri təqdim olunmuşdur.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova tədbiri açaraq bildirmişdir ki, Toğrul Nərimanbəyov özünəməxsus rəsm üslubuna malik dünya şöhrətli rəssamdır. Onun əsərlərində sanki Azərbaycan təbiətinin bütün rəng çalarları toplanaraq tamaşaçının qəlbində əks olunur.
Sərginin açılışında Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Tofiq Məlikli, Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov, Ş.Mərcani Fondunun direktoru Rüstəm Süleymanov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva, sərginin kuratoru Yuliya Volodina çıxış etmişlər.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Moskva ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva