MOSKVADA “İRS” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada Azərbaycanın qədim tarixi və incəsənətindən bəhs edən “İRS-Naslediye” beynəlxalq jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. İyul nömrəsi Azərbaycanda ordu quruculuğunun 90 illik yubileyinə və tarixin müxtəlif mərhələlərində ölkəmizin suverenliyinin müdafiəsinə hərbçilərimizin töhfələrinə həsr olunmuş yazı ilə başlayır. Tarix elmləri namizədi Səbuhi Əhmədovun “Ordu xalqın təhlükəsizliyinin rəhnidir” sərlövhəli məqaləsində sərkərdələrimizin və hərbçilərimizin qəhrəmanlığından danışılır. Qeyd olunur ki, 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğunun və beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni mərhələsi başlandı. Hazırda, Azərbaycanın hələ də müharbə vəziyyətində, ölkə ərazisinin bir hissəsinin isə erməni işğalı altında olduğu bir zamanda, hökumət və Prezident İlham Əliyev döyüş qabiliyyətli, müasir tələblərə cavab verən ordunun yaradılmasına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsinə çox böyük diqqət yetirir.
Tarix elmləri namizədi Rəhman Mustafayevin “Parlament quberniyasından parlament respublikasınadək (1917-ci ilin fevralı-1918-ci ilin mayı)” məqaləsi diqqəti cəlb edir. Məqalə Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuşdur. Tarixçinin arxiv materialları əsasında yazılmış məqaləsində böyük dövlətlərin Cənubi Qafqaz uğrunda mübarizəsi və Azərbaycan parlamenti üzvlərinin siyasəti əksini tapmışdır. Müəllif yazır ki, müsəlman Şərqində ilk respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycan dövlətçiliyinin üç min illik tarixində əlamətdar hadisə oldu.
Jurnalın bu nömrəsində xaricdə yaşayan soydaşlarımızın hüquqi cəhətdən müdafiəsi kimi aktual mövzuya da toxunulmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyi konsul xidmətinin təmsilçisi Rəşad Məmmədovun “Azərbaycan vətəndaşları xaricdə: hüquq müdafiəsi” adlı məqaləsində dövlət və vətəndaş arasında qarşılıqlı münasibətlərdən, xaricdə yaşayan vətəndaşların hüquqi müdafiəsi sahəsində dövlətin fəaliyyətindən və Rusiyada yaşayan soydaşlarımız üçün maraqlı olan digər məsələlərdən bəhs edilir.
“İlk Azərbaycan operası necə yaranmışdır”, “Azərbaycanın kurort ehtiyatları”, “Udinlərin etnoqrafiyası”, “Azərbaycan Qafqazda mis metallurgiyasının mərkəzidir”, “XVIII-XIX əsrlərdə Azərbaycanda pul dövriyyəsi və kəsilməsi” və digər məqalələr mədəniyyətimizin və adət-ənənələrimizin müxtəlif sahələrini əhatə edir.