MOSKVADA MDB İQTİSADİ ŞURASININ 25-Cİ İCLASI KEÇİRİLMİŞDİR
Gündəliyin əsas məsələsi MDB hökumət başçıları Şurasının bu il noyabrın 25-də keçiriləcək iclasına hazırlıqla bağlı idi. Rusiyanın sənaye və energetika naziri Viktor Xristenko iclasın açılışında bildirmişdir ki, bu, MDB məkanında inteqrasiya proseslərinin fəallaşdırılması məsələsinin qaldırıldığı MDB dövlət başçılarının Kazan zirvə toplantısından sonra ilk iclasdır. Kazan görüşündə Birlik ölkələrinin hökumət başçılarına MDB İqtisadi Şurasının rolunu yüksəltmək barədə tapşırıq verilmişdi.
İclasda Birlik ölkələrinin iqtisadi əməkdaşlığı məsələləri, o cümlədən 2010-cu ilədək MDB daxili bazarlarına və üçüncü ölkələrin bazarına milli istehsalçıların buraxdığı rəqabətqabiliyyətli məhsulların çıxarılmasına dair kompleks tədbirlər barədə layihələr, MDB ölkələrinin sərhədyanı əməkdaşlığı haqqında konvensiya layihəsi, Birlik ölkələrində lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması, tarif siyasəti məsələləri və MDB Hökumət Başçıları Şurasının müzakirəsinə çıxarılacaq bir sıra digər məsələlər nəzərdən keçirilmişdir.