MOSKVADA MDB XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASI OLMUŞDUR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iclasda iştirak etmişlər.
Nazirlər əvvəlcə məhdud tərkibdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Daha sonra görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və MDB İcraiyyə Komitəsinin icraçı katibi Vladimir Ruşaylonun sədrliyi ilə geniş tərkibdə davam etdirilmişdir.
İclasda xarici işlər nazirləri humanitar əməkdaşlıq üzrə Şuranın yaradılması haqqında saziş layihəsini bəyənərək təsdiqləmişlər. Bundan əlavə, MDB çərçivəsində XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələrin planı, MDB dövlətləri başçılarının Birlik orqanlarının təkmilləşdirilməsi və yenidən qurulması haqqında qərarlarının yerinə yetirilməsinin gedişi haqqında məsələlər nəzərdən keçirilmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov iclasdan sonra AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, MDB çərçivəsində əməkdaşlığın perspektivləri haqqında bir çox məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır. Birliyin yenidən qurulması məsələsi qızğın müzakirə mövzusuna çevrilmişdir. Ukrayna tərəfi məsələlərin geniş siyahısını, o cümlədən MDB ölkələri arasında dövlət sərhədlərini müqavilə-hüquq baxımından rəsmiləşdirmək, vətəndaşların pensiya hüquqlarının təmin olunmasına zəmanət vermək, vahid tarif siyasəti olan Mərkəzi, Cənubi və Qərbi Avropa dövlətlərinə enerji daşıyıcılarının nəqli üçün dəhlizlər yaratmaq, habelə Azərbaycan, Gürcüstan və Moldovanın dəstəklədikləri MDB dövlətləri arasında azad ticarət zonasının fəaliyyəti mexanizmi kimi məsələlərin müzakirəsini təklif etmişdir. Azərbaycanın mövqeyincə, Birliyin hər hansı dövləti bu və ya digər məsələnin müzakirəsi ideyasını irəli sürürsə, onda həmin məsələ bu və ya digər formatda da müzakirə olunmalıdır.
Respublika xarici siyasət idarəsinin başçısı təəssüfləndiyini bildirmişdir ki, postsovet məkanındakı dondurulmuş münaqişələrin müzakirə olunması təşəbbüsü dəstəklənməmişdir. Onun dediyinə görə, Ukrayna tərəfi ötən əsrin 30-cu illərinin faciəli Qolodomor hadisələrinin Birlik dövlətləri tərəfindən pislənməsi haqqında məsələni müzakirəyə çıxarmışdır. Azərbaycan müzakirə ideyasının özünü bəyənmişdir və bu hadisələri pisləyir. Nazir demişdir: “Əslində, bu, insan tələfatı ilə nəticələnən dəhşətli cinayət idi. Bundan əlavə, həmin mövzu BMT-də müzakirə olunmuş və hətta BMT Baş Məclisi Qolodomorun pislənməsi məsələsinə dair müvafiq qətnamə də qəbul etmişdir”.
E.Məmmədyarov Moskva səfəri çərçivəsində ukraynalı həmkarı Boris Tarasyuk ilə görüşmüş, tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini, habelə GUAM çərçivəsində Kiyevdə keçiriləcək görüşü müzakirə etmişlər.
E.Məmmədyarov elə həmin gün ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla da görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunmuşdur.