MOSKVADA MƏDƏNİYYƏT NAZİRLƏRİNİN DÖRDÜNCÜ KOLLOKVİUMU KEÇİRİLİR
Birinci gün Avropa Şurasının təhsil, mədəniyyət, irs, gənclər və idman üzrə Baş Direktorluğunun rəhbəri xanım Battaini-Draqoninin sədrliyi ilə keçirilən iclasda Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri, Gürcüstanın mədəniyyət naziri, Ermənistan mədəniyyət nazirinin müavini çıxış etdilər.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxışında ölkəmizdə müasir mədəniyyət siyasətinin öncül istiqamətlərindən, nailiyyət və problemlərindən danışdı, Avropa Şurasının bu yöndə daimi dəstəyini və məsləhətçi yardımını yüksək qiymətləndirdi.
O, diqqəti işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki mədəniyyət tarixi abidələrinin dağıdılmasına xüsusi cəlb edərək bildirdi ki, işğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdıldığı, qanunsuz bərpa işləri və arxeoloji qazıntılar aparıldığı barədə kütləvi informasiya vasitələrində daim çox həyəcanlı xəbərlər verilir. Bütün bu işlər beynəlxalq hüquq normalarına ziddir və bir sıra beynəlxalq konvensiyaların müddəalarını pozur.
Azərbaycanın mədəniyyət naziri vurğuladı ki, Şuşanın işğalı hər bir azərbaycanlı üçün böyük dərddir. Bu şəhər Azərbaycan hökumətinin 1977-ci il 10 avqust tarixli qərarı ilə tarix-memarlıq qoruğu elan edilmişdir. Həmin ərazidə qalan mədəni-tarixi irs heç də təkcə ona görə misilsiz deyildir ki, burada yüzlərlə memarlıq və tarix abidəsi var. Şuşa böyük Azərbaycan şairlərinin, maarifçilərinin, bəstəkarlarının, müğənnilərinin vətənidir. Onların sayəsində bu şəhər Xalq Konservatoriyası və Azərbaycan mədəniyyətinin beşiyi adlandırılır. P.Bülbüloğlu Ermənistan tərəfini vəziyyəti gərginləşdirməməyə və siyasi danışıqlar üçün əlverişli şərait yaratmağa çağırdı.
Kollokvium oktyabrın 1-də işini davam etdirəcəkdir.