MOSKVADA RUS MƏTBUATININ X ÜMUMDÜNYA KONQRESİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada Ümumdünya Rus Mətbuatı Assosiasiyası və İTAR-TASS agentliyinin təşkilatçılığı ilə Rus mətbuatının X Ümumdünya yubiley konqresi açılmışdır. Forumda dünyanın 70 ölkəsindən 1000-ə yaxın qonaq, habelə 200-dən çox akkreditə olunmuş Rusiya və xarici ölkə jurnalisti iştirak edir. Azərbaycanı Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın, “Yol” jurnalının, “Bakinski raboçi” qəzetinin və digər KİV-lərin nümayəndələrindən ibarət mötəbər heyət təmsil edir. Konqresin qonaqları arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da vardır.
Beynəlxalq forumda Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, İTAR-TASS-ın dəvəti ilə Moskvaya gəlmiş YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxış etmişlər.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko tədbiri açaraq, forumda iştirak etdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirmişdir. O, mədəni əlaqələrin dəstəklənməsinə və inkişafına, hamını bir araya gətirən mənəvi dəyərlərin qorunmasına və informasiya məkanının genişləndirilməsinə xidmət edən Ümumdünya Rus Mətbuatı Konqresinin rolu və əhəmiyyətindən danışmışdır.
Rusiya Prezidenti Dmitri Medvedev çıxışında bu təşəbbüsü yüksək qiymətləndirərək bildirmişdir ki, Rus mətbuatının X Ümumdünya yubiley konqresi rusdilli medianın birləşməsinə real töhfəsini verəcəkdir. D.Medvedev həmçinin vurğulamışdır ki, rus dili və ədəbiyyatına marağın artırılması Rusiya hökumətinin vəzifələrindən biridir. Hazırda rusdilli mətbuatı dünyanın 80-dən çox ölkəsində 300 milyona yaxın insan oxuyur. Rusiya dövlətinin başçısı YUNESKO-nun baş direktorunu xüsusi salamlayaraq bildirmişdir ki, o, humanist dəyərlərin təsdiqində, sülh mədəniyyətinin möhkəmləndirilməsində rus mətbuatı konqresinin fəaliyyətinə, bütövlükdə KİV-lərin roluna həmişə böyük diqqət yetirir.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışında Rus mətbuatının Ümumdünya Konqresini yüksək qiymətləndirərək onun sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsində və mədəniyyətlərin KİV-lər vasitəsilə təbliğinin əhəmiyyətini vurğulamışdır. K.Matsuura İTAR-TASS-ın baş direktoru Vitali İqnatenkonun YUNESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü elan etmiş və ona müvafiq diplom təqdim etmişdir.
Forumda rusdilli xarici mətbuatın müasir vəziyyəti və rus dilinin dünya sivilizasiyasının inkişafında rolu, habelə qloballaşma şəraitində Ümumdünya Rus Mətbuatı Assosiasiyasının rusdilli diasporun həyatında rolu və yeri mövzuları müzakirə olunacaqdır.
Konqres işini iyunun 13-dək davam edəcəkdir.