MOSKVADA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ ANILDI
Sovet qoşunlarının Azərbaycana soxulub, dinc əhaliyə vəhşicəsinə divan tutduğu günlə - 1990-çı ilin faciəli 20 yanvar hadisələri ilə əlaqədar yanvarın 20-də ölkəmizin Rusiyadakı səfirliyində matəm gecəsi keçirilmişdir.
Respublikamızın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev tədbiri açaraq, Azərbaycanın yaxın tarixi barədə qısa məlumat verdi. O vurğuladı ki, təpədən dırnağadək silahlanmış imperiya ordusu müstəqilliyə və suverenliyə can atan xalqın iradəsini qırmaq məqsədi ilə heç bir xəbərdarlıq etmədən M.Qorbaçovun göstərişi ilə Bakıya soxulmuşdur. Uşaqlara, qadınlara və qocalara belə aman verilmədən xalqın qanına qəltan edilməsinin səbəblərindən biri Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanı və erməni separatçıları M.Qorbaçovun gözgörəsi dəstəkləməsi idi. R.Rizayev bildirdi ki, ölkəmizin düşmənlərinin və bədxahlarının bütün məkrli niyyət və planları boşa çıxdı, heç kim xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Azərbaycan artıq 11 ildir ki, müstəqil, suveren və gündən-günə inkişaf edən dövlət kimi yaşayır və daim belə olacaqdır. Bu gün biz tarixi xatirlamağa, xalqımızın gələcəyi naminə canlarından keçmiş qəhrəmanların xatirəsini anmağa toplaşmışıq.
Matəm gecəsində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikov, “Soverşenno sekretno” holdinqinin şef-redaktoru, “Versiya” qəzetinin baş redaktoru, Rusiya Silahlı Qüvvələri Həmkarlar İttifaqı sədrinin müavini Nikolay Kalmıkov, şair Nadejda Paina və Moskvadakı Azərbaycan diasporunun və Rusiya ziyalılarının digər nümayəndələri çıxış etdilər.
Natiqlər Qorbaçovun Azərbaycana qarşı yeritdiyi siyasəti qətiyyətlə pislədilər. Belə bir fikir səsləndi ki, Qanlı Yanvar hadisələrini törədənlər, eləcə də o vaxt hakimiyyətdə olmuş Azərbaycan rəhbərliyi layiqli cəzasını almalıdırlar. Tarixin dərslərini unutmaq olmaz, ölkəmizin vətəndaşlarını birlik və yenilməzlik ruhunda tərbiyə etmək lazımdır.
Matəm gecəsinin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Səfirliyin foyesində Xocalı faciəsindən bəhs edən fotoşəkillərdən ibarət stend qoyulmuşdu.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva