MOSKVADA “VAHİD MİQRASİYA PƏNCƏRƏSİ” AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, iyulun 23-də “ZİL” zavodunun ərazisində “Moskva üzrə vahid miqrasiya pəncərəsi” açılmışdır.
Moskva meri Yuri Lujkov miqrasiya siyasətinə görə cavabdeh qurumlar qarşısında Rusiya paytaxtında əcnəbi işçilərin uçota alınması və onlara işləmək üçün icazə verilməsi prosedurlarını təkmilləşdirmək vəzifəsini artıq çoxdan qoymuşdur. Bununla əlaqədar, “Moskva əmək mübadiləsi mərkəzi” dövlət müəssisəsi bazasında “bir pəncərə” xidmətinə bənzər vahid miqrasiya pəncərəsi yaratmaq ideyası meydana gəlmişdir.
Əmək miqrantına paytaxtda çalışmaq üçün daha rahat və sadə üsul təklif edən “pəncərə” hələlik kompyuter və elektron növbə sistemi ilə təchiz olunmuş kiçik otaqda yerləşir. Hər şey çox sadədir. Rusiyaya vizasız gələn hər bir kəs miqrasiya kartı, pasport, dövlət rüsumunun ödənilməsi barədə arayışla Avtozavodskaya küçəsindəki 23 nömrəli binaya gəlir, qeydiyyatdan keçir, talon alır və elektron displeydə nömrəsinin işıqlanacağını gözləyir. Sonra miqrant pəncərəyə yaxınlaşır, burada mütəxəssis sənədləri qəbul edir, digər pəncərədə “Moskva əmək mübadiləsi mərkəzi”nin əməkdaşı onunla ətraflı söhbət edirlər. Mərkəzin əməkdaşı miqrantın paytaxta nə məqsədlə gəlməsini, təhsil səviyyəsini və ixtisasını, hansı işlə məşğul olmaq istədiyini, yaşayış yeri olub-olmadığını müəyyən edir. Əgər miqrantın yaşamağa yeri yoxdursa, ona inzibati-məişət şəhərciklərindən, - onları sadələşdirilmiş mehmanxanalar da adlandırırlar, - birində yer verilir. Hazırda miqrantların yerləşdirilə biləcəyi 12 belə şəhərcik vardır. Onların hamısı Podmoskovyedə, o cümlədən Ximki, Dolqoprudnı, Balaşixa, Odintsov və digər şəhərlərdə yerləşir. Burada çox ucuz, günü 150-200 rubla, yaxud ümumiyyətlə pulsuz müvəqqəti qalmaq mümkündür. “Moskva vahid miqrasiya pəncərəsi”ndə Rusiya paytaxtının Dövlət Məşğulluq İdarəsinin əməkdaşları da fəaliyyət göstərəcəklər. Onlar şəhər üzrə vakansiya bankı əsasında qastrabayterlərə iş variantları təklif edəcəklər. Miqrant elə buradaca tibbi müayinədən keçmək üçün göndəriş alacaqdır. Hazırda Moskvada tibbi arayışsız işlə təmin olunmaq mümkün deyildir. Yeri gəlmişkən, tibbi müayinədən yaxınlıqdakı poliklinikada da keçmək olar. Bütün sənədlər qaydada olarsa və Moskva Federal Miqrasiya Xidməti İdarəsində heç bir sual meydana gəlməzsə, miqrantın uçota alınmasını təsdiq edən sənəd və işləməyə icazəsi olduğu barədə arayış 10 gündən sonra verilə bilər.
Moskva hökuməti Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsinin sədri Aleksey Aleksandrov “Pəncərə”nin təqdimat mərasimində demişdir: “Biz Moskvada qeydiyyatdan keçmə prosedurunu sadələşdirən müəyyən sistem, müəyyən mexanizm qurmağa çalışmışıq. Beləliklə, Moskva İcra Hakimiyyətinin və federal qurumların əlaqələndirmə mərkəzi yarandı. Avqustda bu xidmət tam gücü ilə işləyəcəkdir”.