MOSKVADA XƏZƏR ENERGETİKA FORUMU AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada “Xəzərin enerjisi 0- sülh enerjisidir” mövzusunda ikigünlük Xəzər energetika forumu başlamışdır. Tədbir RF hökumətinin, Rusiya Ticarət-Sənaye Palatasının, Rusiya Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunmuşdur. Xəzəryanı region və Avropa İttifaqı dövlətləri rəhbərlərinin və mütəxəssislərinin iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Sənaye və Energetika Nazirliyinin neft və qaz şöbəsinin aparıcı mütəxəssisi Akif Əfəndiyev, Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Məmməd Məmmədov təmsil edirlər.
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov forumu açaraq demişdir ki, tədbirdən məqsəd Xəzər regionunda neft-qaz hasilatı və neft emalı müəssisələrinin inkişafı və təchizatı, regionun energetika baxımından inkişafı strategiyası, energetika sahəsinə sərmayələr qoyulması, habelə bu nadir su hövzəsinin bütövlükdə və ekoloji baxımdan təhlükəsizliyi məsələlərini müzakirə etməkdir.
Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti G.Petrov, MDB İcraiyyə Komitəsi sədrinin müavini Y.Novojilov, RF energetika nazirinin müavini A.Yanovski, Beynəlxalq Energetika Forumunun baş katibi Noy van Xulst və Xəzər dənizi ilə bağlı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri A.Qolovin məruzələrində enerji daşıyıcılarının dünya bazarına sabit nəqli üçün region ölkələrinin qarşılıqlı fəaliyyətinin, habelə Xəzərdə fəaliyyət üçün vahid hüquqi bazanın yaradılmasının vacibliyini vurğulamışlar.
Y.Novojilov bildirmişdir ki, MDB Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi ilə bağlı razılaşmaları dəstəkləyir. Onun sözlərinə görə, üç dövlət arasında mövcud olan ümumi yanaşmalar neft hasilatı və nəqli üzrə ikitərəfli sazişlərdə geniş əksini tapmışdır. Bu sənədlərdə həmin ölkələrin iqtisadi maraqları dəqiq ifadə olunur. O demişdir: “Rusiyanın Azərbaycan təbii qazını uzunmüddətli əsasda dünya qiymətlərinə uyğun almaq təklifi buna parlaq nümunədir. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərdə də müsbət irəliləyiş vardır. Energetika və nəqliyyat-kommunikasiya sahələrinin bu ölkələrin ikitərəfli əməkdaşlığının öncül istiqamətləri olması rəsmən elan edilmişdir”.
RF energetika nazirinin müavini Andrey Yankovski çıxışında bildirmişdir ki, Rusiya Azərbaycan və Qazaxıstan ilə Xəzər dənizində sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Rusiya Xəzəryanı dövlətlərlə şəffaflıq, bütün tərəfdaşların maraqlarını nəzərə almaqla hamı üçün aydın olan qaydalar əsasında sıx əməkdaşlığa tərəfdardır.
Forum iştirakçıları Xəzərin hüquqi statusu haqqında Konvensiya ilə əlaqədar məsələlər, habelə dənizin bioehtiyatlarının və ekoloji təhlükəsizliyinin qorunub saxlanmasının vacibliyi barədə fikir mübadiləsi aparmışlar.
ARDNŞ-in nümayəndəsi Vitali Bəylərbəyov forumda “Azərbaycanın dünya enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda məruzə ilə çıxış edəcəkdir.