MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ
Oktyabrın 11-də Qazax şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin baş planı ilə yaxından tanış oldu. Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verərək bildirdi ki, rayonun mərkəzində, Ağstafaçayın sahilində yerləşəcək bu səhiyyə ocağı gələn ilin iyul ayınadək istifadəyə tam hazır olacaqdır. Layihənin smeta dəyəri 5 milyon dollardır. Üçmərtəbəli binanın birinci mərtəbəsində əsasən stasionar, dializ bölməsi və yeməkxana olacaqdır. İkinci mərtəbədə daxili funksional diaqnostika, təcili yardım, qəbul bölmələri, həkim otaqları, şüa diaqnostikası, üçüncü mərtəbədə isə cərrahiyyə, reanimasiya şöbəsi və palatalar yerləşəcəkdir. Su çənləri, nasos stansiyası, istilik mərkəzi, elektrik yardımçı stansiyası quraşdırılacaq, istirahət zonası və avtomobillər üçün dayanacaq da yaradılacaqdır. Ümumiyyətlə, Prezidentin göstərişinə əsasən, ilkin mərhələdə 10 bölgədə bu cür müalicə-diaqnostika mərkəzləri tikiləcəkdir.
Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, binanın xarici görünüşünün milli memarlıq üslubunda və yaraşıqlı olması barədə tövsiyələrini verdi, bu mərkəzin ətraf rayonların, eləcə də qonşu Gürcüstanda yaşayan soydaşlarımızın müalicə və müayinəsi üçün faydalı olacağını bildirdi, öz xeyir-duasını verdi.
Prezident İlham Əliyev müalicə-diaqnostika mərkəzinin bünövrəsinə içərisində yazılı kağız olan gilizi atdı və ilk beton qarışığını tökdü.