MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ
Martın 23-də Əli Bayramlı şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin baş planı və xarici görünüşünün fotoşəkli ilə tanış oldu. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, ümumi sahəsi 5 min kvadratmetr olacaq bu səhiyyə ocağı bir il ərzində tam istifadəyə veriləcəkdir. Dördmərtəbəli binanın birinci mərtəbəsi təcili yardım, rentgen şöbəsi və yeməkxana üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə stasionar, dializ bölməsi, daxili funksional diaqnostika, şüa diaqnostikası, qəbul bölmələri, həkim otaqları, üçüncü mərtəbədə isə cərrahiyyə, reanimasiya şöbələri, palatalar, dördüncü mərtəbədə konfrans zalı yerləşəcəkdir.
Su çənləri, nasos stansiyası, istilik mərkəzi, yardımçı elektrik stansiyası quraşdırılacaq, istirahət zonası və avtomobillər üçün dayanacaq da yaradılacaqdır. Ümumiyyətlə, Prezidentin göstərişinə əsasən, ilkin mərhələdə hər regionda, sonrakı mərhələdə isə hər bir şəhər və rayonda belə müalicə-diaqnostika mərkəzləri tikiləcəkdir.
Dövlətimizin başçısı fəhlələrlə görüşdü, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasının, binanın xarici görünüşünün milli memarlıq üslubunda və yaraşıqlı olmasının zəruriliyini vurğuladı, kadr hazırlığı ilə bağlı tövsiyələrini verdi, bu mərkəzin ətraf rayonlarda yaşayanlara da xidmət edəcəyini bildirdi.
Prezident İlham Əliyev binanın bünövrəsinə içərisində yazılı kağız olan gilizi atdı və ilk beton qarışığını tökdü.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı.