SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Bakıdakı səfiri xanım Şantal Puareni, Azərbaycan və Gürcüstandakı hərbi attaşesi polkovnik Fransis Monkobeqi qəbul etmişdir.
Xanım Ş.Puare bildirmişdir ki, Bakıda işlədiyi doqquz ay müddətində Azərbaycanın problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini yaxından öyrənmişdir. Diplomat demişdir: “Çətinliklərə baxmayaraq, irəli getmək lazımdır. Prezident Heydər Əliyev bu problemin dinc yolla həll edilməsində öz qüvvəsini əsirgəmir və biz də onun səylərini həmişə dəstəkləyirik”.
Nazir xatırlatmışdır ki, Azərbaycan və Fransa Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində sıx siyasi əməkdaşlıq edir. O demişdir: “Bu münaqişənin indiyə kimi həll edilməməsi, dünya ictimaiyyətinin Ermənistanı işğalçı dövlət kimi tanımaması bizi narahat edir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün maddi-mədəni sərvətlərini qarət etmişdir. Xalqımız məsələnin bu qədər uzadılmasına daha dözə bilməz və torpaqlarının qaytarılmasını tələb edir. İşğalçı Ermənistan isə BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini yerinə yetirmir, ümumiyyətlə, beynəlxalq ictimai rəyə məhəl qoymur.”
Görüşdə hərbi əməkdaşlıq barəsində də fikir mübadiləsi aparılmış və bu işə Azərbaycan hərbçilərinin fransız dilini öyrənməkdən başlamalarının məqsədəuyğun olduğunu söyləmişlər.