“Müdriklik mücəssəməsi” - humanitar elmlərin mütəxəssisləri üçün dəyərli töhfə
Bakı, 20 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının 2023-cü il 30 mart tarixli qərarı ilə Heydər Əliyevin məruzələri, çıxışları, görüşləri və müsahibələrindən ibarət “Müdriklik mücəssəməsi” adlı toplu çapdan çıxıb. Nəşrin elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, ilk nəşrin tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş II nəşrinin tərtibçisi professor Asif Rüstəmlidir.
Ulu Öndər 1969-2003-cü illərdə humanitar sahədə qurultaylar, konfranslar keçirib, mötəbər məclislərdə, görüşlərdə parlaq nitqlər söyləyib, məruzələr, çıxışlar edib, müsahibələr verib, söhbətlər edib. Kitabda bu istiqamətləri özündə ehtiva edən 4 bölmə verilib. Toplu humanitar və ictimai elmlər sahəsində çalışan elm, ədəbiyyat, təhsil və mədəniyyət işçiləri üçün nəzərdə tutulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli bildirib. O qeyd edib ki, akademik İsa Həbibbəyli “Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” sərlövhəli məqaləsində Ulu Öndərin yaradıcı, qurucu missiyasında ədəbiyyat amilinin mənəvi-estetik rolunu önə çəkib. İsa Həbibbəyli yazıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev üçün ədəbiyyat həm xalqın ideya-mənəvi təkamülü, həm də milli oyanış və həmrəyliyinin əsas hərəkətverici qüvvəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, ədəbiyyatın təsir gücünə dərin inam bəsləmiş, cəmiyyət həyatının ən müxtəlif məqamlarında ədəbiyyata müraciət etməyin əvəzedilməz imkanlarını bacarıqla sınaqdan çıxarmışdır... Ölkə rəhbəri kimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarında, görkəmli yazıçı və şairlərin yubileylərində, ədəbiyyat və incəsənət günlərindəki çıxışları ədəbiyyatın böyük amalları və təsiredici imkanları vasitəsilə xalqımızı inkişaf etdirmək, daha işıqlı sabahlara doğru səfərbər etmək dərsləridir. Ədəbiyyat siyasəti Heydər Əliyevin apardığı dövlət siyasətinin sadəcə tərkib hissəsi olmayıb, həmin uzaqgörən müdrik siyasətin aparıcı xəttini təşkil etmişdir”.
İsa Həbibbəyli vurğulayıb ki, Heydər Əliyev ədəbiyyat işinə milli dövlət fəaliyyətinin əsas yönlərindən biri kimi diqqət edib.
Alim bildirib ki, professor Vilayət Quliyev Heydər Əliyevin 1969-1999-cu illəri əhatə edən çıxış və nitqlərini ilk dəfə toplayıb ”Ədəbiyyatın yüksək borcu və amalı” adı ilə çap etdirib. Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən “Ədəbiyyatın yüksək borcu və amalı” kitabı təkmilləşdirilərək yenidən nəşrə hazırlanıb. Bu sahədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Asif Rüstəmlinin xüsusi xidməti qeyd edilməlidir. Alim Ulu Öndər Heydər Əliyev irsindən əlavə materialları bir yerə toplayıb Ədəbiyyat İnstitutunun dəstəyi ilə çap etdirib. Bu, tarixi xidmətdir, Əliyevşünaslığa böyük töhfədir.
Kitabın “Məruzələr, çıxışlar” adlı birinci bölməsində 52 məruzə və çıxışın mətni toplanıb. Mətnlər xronoloji ardıcıllıqla düzülüb. Vaxtilə müxtəlif mətbuat orqanlarında çap olunmuş mətnlərin surətləridir. Bu bölmədə Ümummilli Liderin Azərbaycan Yazıçılar Birliyinin V, VI, VII və X qurultaylarında, Türk Dünyası Yazarlarının III qurultayında, yubiley tədbirlərində, ədiblərin abidələrinin açılışında söylədiyi nitqlər, məruzələr, etdiyi çıxışlar birmənalı olaraq günümüzlə səsləşir, toxunulan problemlər, qabardılan fikir və düşüncələr öz aktuallığını, ədəbi-elmi dəyərini qoruyub saxlayır.
“Müdriklik mücəssəməsi”nin ikinci bölməsi “Görüşlər, xatirələr” adlandırılıb. Bu bölmədə 17 görüş və xatirənin mətni verilib. Bu sırada Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan sonra ilk dəfə 1993-cü ildə Elmlər Akademiyasının binasında ziyalılarla görüşü zamanı ölkəmizin qədim və çağdaş tarixi, mürəkkəb və tutqun taleyi, klassiklərə və ədəbi irsə yeni baxış məsələləri barədə etdiyi açıq və səmimi söhbətin mətni xüsusi yer tutur. Heydər Əliyevin teatr tamaşalarını izlədikdən sonra yaradıcı heyətin peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, dram əsərinin ideya-bədii və mənəvi-psixoloji məziyyətləri haqqında dəyərləndirmələri xronoloji ardıcıllıqla topluda yer alıb.
Kitabın “Təbrik məktubları” adlı üçüncü bölməsində Xalq şairi Məmməd Arazın 60, Xalq yazıçılarından İlyas Əfəndiyevin 80, Hüseyn İbrahimovun 75, İsmayıl Şıxlının 75, Xalq şairi Nəbi Xəzrinin 70, Xalq yazıçısı Yusif Səmədoğlunun 60, Xalq şairi Mirvarid Dilbazinin 85, Xalq yazıçıları - Hüseyn Abbaszadənin 75, Anarın 60 illiyi, dahi şair Məhəmmədhüseyn Şəhriyarın 90 illiyi, habelə 22 İyul - Milli Mətbuat Günü (1994), Novruz bayramı (2003), Azərbaycan Jurnalistlərinin I qurultayının, II Avrasiya Media Forumunun iştirakçılarına, Azərbaycan Respublikasının mətbuat işçilərinə təbrik məktublarının mətni verilib.
“Müsahibələr” adlı dördüncü bölmə isə “Bərabərlər İttifaqında” (1972) və “Qoy ədalət zəfər çalsın” (1981) müsahibələrinin “Literaturnaya qazeta” müxbirinin suallarına cavabların mətnindən ibarətdir.
“Ümummilli Lider Heydər Əliyevin “Müdriklik mücəssəməsi” adlı qiymətli kitabı humanitar-ictimai elmlərin oxucu və mütəxəssisləri üçün zəngin müntəxəbat, tarixi-ideoloji sənəd, Əliyevşünaslıq üçün qiymətli mənbə, elm, ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri, habelə mətbuat nümayəndələri üçün dəyərli töhfədir”, - deyə Əlizadə Əsgərli fikrini yekunlaşdırıb.