Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 17 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanını, “Əbədi məşəl” və “20 Yanvar” abidələrini ziyarət edib, şəhid məzarları və kompleks önünə gül dəstələri qoyublar.
Bu barədə AZƏRTAC-a təşkilatdan məlumat verilib.
Veteranlar və məktəblilər qarşısında çıxış edən təşkilatın sədri polkovnik Cəlil Xəlilov, 36 il bundan əvvəl sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətin heç vaxt unudulmayacağını, həmin faciə zamanı yalın əllə tankların üzərinə yeriyən soydaşlarımızın qəhrəmanlığının daim ehtiramla yad ediləcəyini bildirib. Polkovnik qeyd edib ki, məhz 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının alovlanmasında, eləcə də sovet imperiyasının beynəlxalq miqyasda ifşasında mühüm rol oynayıb.
Ziyarət əsnasında respublikamızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi yad edilib.