Musa Qasımlı: Ermənilər azərbaycanlılara məxsus yer adlarını dəyişdirib və Ermənistanı erməniləşdirib
Bakı, 19 avqust, AZƏRTAC
Ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indi Ermənistan adlandırılan ərazidəki toponimlər də qondarmadır, onların tarixi, etnomədəni kökləri yoxdur. Bunun üçün çox da uzağa getmək lazım deyil. Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasınada Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü professor Musa Qasımlı deyib.
O bildirib ki, yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi aşağıdakı sxem üzrə həyata keçirilib: xaricdən erməniləri gətirib yerləşdiriblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb, yaşayış yerlərindən qovaraq həmin məntəqələri ələ keçiriblər, daha sonra rəsmi qərarlarla adları dəyişdiriblər.
“Bu prosesdə digər üsullardan da istifadə olunub. Yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib. XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci il 3 yanvar tarixli fərmanla 29 rayonda azərbaycanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib. 1945-ci ildən sonra da bu proses davam etdirilib.1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib. Sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib. 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər, Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxmaları kifayətdir”, - deyə Musa Qasımlı qeyd edib.