Mütəxəssis: Dəniz suyu kontakt linza istifadə edənlərdə infeksiya riskini artırır
Bakı, 13 avqust, AZƏRTAC
Yay aylarında isti hava, Günəşin ultrabənövşəyi şüaları, dəniz və hovuz suları gözlərimizə təsirsiz ötüşmür. İsti hava göz yaşının tez buxarlanmasına və gözlərdə quruluq şikayətinin yaranmasına səbəb ola bilər. Küləkli havada isə həmin şikayətlərin daha da artması müşahidə olunur. Bu səbəbdən yay aylarında gün eynəklərindən çox istifadə olunması tövsiyə edilir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının Oftalmologiya kafedrasının baş laborantı Firuzə Həsənova deyib.
O bildirib ki, Günəşin ultrabənövşəyi şüaları gözün səthi qişalarında qıcıqlanma, quruluq və yanma hissiyyatı, uzunmüddətli təsir zamanı bir sıra ciddi göz xəstəliklərinin (katarakta) yaranma riskini artıra bilir. Bu səbəbdən UV400 qoruyucu gün eynəklərindən istifadə olunması məsləhətdir.
Firuzə Həsənova vurğulayıb ki, dəniz suyu duzlu olduğuna görə gözlərdə quruluq, yanma və qıcıqlanma yarada bilər. Xüsusilə kontakt linza istifadə edənlərdə infeksiya riskini artırır. Odur ki, üzgüçülük eynəyindən istifadə olunması tövsiyə edilir.
“Hovuzlarda xlorun və dezinfeksiya üçün istifadə olunan bir sıra kimyəvi maddələrin təsirindən göz yaşı təbəqəsi pozulur, gözlərdə qızartı, yanma, qıcıqlanma yarana bilir. Xüsusilə allergiyası və həmin maddələrə qarşı həssaslığı olanlarda şikayətlər daha da çoxalır. Buna görə də üzgüçülük eynəyindən istifadə olunması məsləhətdir”, - deyə o qeyd edib.
Müxbir – Göyçək Mahmudlu