Müvəqqəti işlər vəkili: İspaniya Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlıdır
Bakı, 29 avqust, Laçın Sultanova, AZƏRTAC
İspaniya Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboada deyib.
Azərbaycanın Madriddə 10 il əvvəl səfirlik açdığını, İspaniyanın da Bakıda 2014-cü ildə diplomatik nümayəndəlik açdığını xatırladan diplomat İspaniyanın ölkələrimiz arasında ticarət-kommersiya, turizm sahələrində əlaqələrin inkişaf etməsi üçün daha çox iş görülməsini vacib hesab etdiyini söyləyib.
“Görəcəyimiz işlər çoxdur. Azərbaycanda həm kənd təsərrüfatı, həm turizm sahəsində çox işlər görülə bilər, turizmin inkişafı üçün təcrübə mübadiləsi aparmaqda sizə yardım edə bilərik”, - deyən diplomat mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib.
“Mədəniyyət sahəsində ölkələrimiz arasında mövcud olan münasibətlər göstərir ki, bu sahədə yaxşı təcrübəmiz var. Mədəni mübadilələr uğurla həyata keçirilir. İncəsənət xadimləri, rəssamlar, heykəltəraşlar, kino ustaları arasında olan mübadilələr onu göstərir ki, bu sahədə münasibətlər artıq mövcuddur və bundan sonra da genişləndirilməlidir.
Siyasi münasibətlərin də inkişafına xüsusi önəm veririk. Siyasi sahədə bir çox mövqelərimiz üst-üstə düşür. Çox böyük ümidlər bəsləyirik ki, yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçiriləcək”, - deyə müvəqqəti işlər vəkili bildirib.