Muxtar respublikada 352 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub
Naxçıvan, 29 mart, AZƏRTAC
Muxtar respublikada cari ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 772,7 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 172 milyon 200 min manat dəyərində məhsul istehsal edilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 180 min manat vəsait yönəldilib. Həmin vəsaitin 69 milyon 850 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
İlin ilk 2 ayında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Həmin dövr ərzində diri çəkidə ət istehsalı 3615 ton, süd istehsalı isə 5141 ton olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artıb.
Hesabat dövründə informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 267 min 100 manat olub ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 436 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1,5 faiz artıb.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, cari ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 8 milyon 240 min 900 manat məbləğində kreditlər verilib. Həmin kreditlərin 1 milyon 432 min 100 manatı və yaxud 17,4 faizi qısamüddətli, 6 milyon 808 min 800 manatı və yaxud 82,6 faizi uzunmüddətli kreditlər olub.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib.
Martın 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80 min 520-yə çatıb. Bunun da 70 min 712-si və ya 87,8 faizi aktiv hesablardır. Cari ilin yanvar-fevral aylarında açılmış 3099 bank hesabının 3081-i aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı martın əvvəlinə 1272-yə çatıb.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, yanvar-fevral aylarında 46 milyon 769 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə artaraq 36 milyon 823 min 700 ABŞ dolları təşkil edib, 26 milyon 878 min 400 dollarlıq müsbət saldo yaranıb.
Yanvarda muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,1 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Fevralın 1-nə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötüb.