Muxtar respublikada səhiyyə infrastrukturu quruculuğu ötən il də uğurla davam etdirilib
Naxçıvan, 6 fevral, AZƏRTAC
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə infrastrukturu quruculuğu istiqamətində işlər ötən il də uğurla davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görülən işlərin davamı olaraq 2019-cu ildə Şərur rayonunun Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyasının yenidən qurulması başa çatdırılıb.
Şərur rayonunun Alışar, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində feldşer-mama məntəqələrinin və Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün feldşer-mama məntəqəsinin tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının və Xələc kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb.
Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilib. Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi aparılıb.
İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili verilib, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ən müasir angioqrafiya aparatı quraşdırılıb. Bundan əlavə, “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunub.